2025-ci ilin 17 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 20 Oktyabr – Energetiklər Gününə həsr olunmuş “Energetikanın sənayenin inkişafında əhəmiyyəti” mövzusunda elmi-praktik seminar keçirilib.
Universitetin Heydər Əliyev Mərkəzində keçirilən seminarda MDU-nun bir qrup akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Energetika kafedrasının müdir əvəzi Mahir İsmayılovun moderatorluğu ilə keçən seminarda öncə “Energetikanın tarixi” adlı videoçarx nümayiş etdirilib.
Sonra, seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib. Energetika kafedrasının müəllimi Qədir Məmmədli “8 Noyabr” stansiyasının energetik göstəriciləri”, magistrant Sevda Əliyeva “İqlim dəyişikliyi və istilik energetikasında dekarbonizasiya tədbirləri”, tələbələrdən Nigar Məmmədova “Bərpa olunan enerji qurğuları və yeni layihələr”, Minarə Dəmirova “Elektrik şəbəkələrində yeniliklər”, Aytac Kərimli “Energetikanın inkişafı, reallıq və perspektivlər”, Abbas Qasımlı “Bərpa olunan enerji mənbələrinin perspektivləri” və Gültac Hüseynova “Günəş və külək elektrik stansiyaları” mövzularında təqdimatlarla çıxış ediblər.
Çıxışlarda energetika sahəsində müasir tendensiyalar, alternativ enerji mənbələrinin iqtisadi və ekoloji əhəmiyyəti, həmçinin ölkəmizdə həyata keçirilən yeni enerji layihələrinin sənayenin inkişafına təsiri barədə fikirlər səsləndirilib.
İştirakçılar tərəfindən maraqla qarşılanan seminar təqdim edilən mövzulara uyğun müzakirələrlə yekunlaşıb.
Qeyd edək ki, 20 Oktyabr – Energetiklər Günü ilə bağlı MDU-da müxtəlif tədbirlər keçirilir.