2026-cı ilin 13 mart tarixində Mingəçevir Dövlət Universitetində Biznes və menecment kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Ruhiyyə Hüseynova və həmin kafedranın müəllimi Tural Həsənqarayev tərəfindən tələbələr və gənc müəllimlər üçün “Dövlətin innovasiya siyasəti və tədqiqatın kommersiyalaşdırılması: beynəlxalq təcrübə” mövzusunda təlim təşkil olunub.
Təlimdə müasir dünyada postindustrial cəmiyyətə keçid, biliklərə əsaslanan iqtisadiyyatın formalaşması və ölkələrin rəqabət qabiliyyətinin innovasiya fəallığından birbaşa asılılığı məsələləri geniş təhlil olunub. Bildirilib ki, dövlət dəstəyi olmadan irimiqyaslı innovasiya layihələrinin həyata keçirilməsi çətinləşir, elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılması isə iqtisadi artımın mühüm mənbələrindən biri kimi çıxış edir.
Çıxışlar zamanı dövlətin innovasiya siyasətinin mahiyyəti, əsas istiqamətləri və məqsədləri haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, innovasiya siyasəti sosial-iqtisadi siyasətin tərkib hissəsi olmaqla elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsi, yeni məhsul və texnologiyaların yaradılması, eləcə də rəqabətqabiliyyətli istehsalın təşviqi kimi mühüm istiqamətləri əhatə edir.
Təlim çərçivəsində beynəlxalq təcrübə əsasında müxtəlif ölkələrin innovasiya siyasəti modelləri təqdim olunub. ABŞ, Böyük Britaniya və Çin kimi ölkələrin elmi-innovasiya potensialı, Almaniya, İsveç və İsveçrə kimi dövlətlərdə formalaşdırılmış əlverişli innovasiya mühiti, eləcə də Yaponiya və Cənubi Koreyada innovasiya infrastrukturunun inkişafı ilə bağlı nümunələr diqqətə çatdırılıb.
Bununla yanaşı, innovasiya strategiyalarının müxtəlif növləri – alınma strategiyası, ucuz işçi qüvvəsinə əsaslanma və öz elmi-texniki potensialına əsaslanan inkişaf modelləri barədə məlumat verilib, bu strategiyaların tətbiq olunduğu ölkələrin təcrübəsi müzakirə olunub.
Təlimdə Azərbaycanın innovasiya sahəsində həyata keçirdiyi təşəbbüslər də xüsusi qeyd edilib. Bildirilib ki, ölkədə innovasiya fəaliyyətinin təşviqi məqsədilə Yüksək Texnologiyalar Parkları, Biznes İnkubasiya Mərkəzləri, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, “İdeyadan Biznesə” layihəsi, “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafa dair Milli Prioritetlər”, “Azərbaycan 2020: gələcəyə baxış” Konsepsiyası və Gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramı (2022–2028) kimi mühüm təşəbbüslər həyata keçirilir.
Eyni zamanda tədqiqatın kommersiyalaşdırılması anlayışı və onun əsas mərhələləri – fundamental tədqiqatdan başlayaraq məhsulun kütləvi istehsalı və satışına qədər olan proseslər ətraflı şəkildə izah edilib. Milli İnnovasiya Sistemi anlayışı, onun strateji məqsədləri və tərkib hissələri barədə də iştirakçılara məlumat verilib.
Təlim iştirakçılarına Texnologiyaların Ötürülməsi Mərkəzləri, texnoparklar, texnopolislər, biznes inkubatorları və vençur şirkətləri haqqında geniş məlumat təqdim olunub. Beynəlxalq təcrübədən nümunə kimi ABŞ-da Silikon Vadisi, Yaponiyada Tsukuba Elm Şəhəri, Fransada Sophia Antipolis və Rusiyada Skolkovo kimi innovasiya mərkəzlərinin fəaliyyəti barədə məlumatlar diqqətə çatdırılıb.
Təlim çərçivəsində universitet tədqiqatlarının kommersiyalaşdırılması mövzusu da xüsusi vurğulanıb. Stanford və Cambridge universitetlərinin, eləcə də Almaniyanın Fraunhofer institutunun təcrübəsi əsasında universitetlərdə aparılan elmi tədqiqatların bazar tələblərinə uyğun məhsul və xidmətlərə çevrilməsi prosesi, texnologiya transfer mərkəzlərinin rolu və bu sahədə əldə olunmuş uğurlu nəticələr barədə məlumat verilib.
Tədbirin sonunda Azərbaycan üçün innovasiya fəaliyyətinin inkişafı istiqamətində bir sıra tövsiyələr səsləndirilib. Qeyd olunub ki, universitet elminin kommersiyalaşdırılması üçün hüquqi bazanın təkmilləşdirilməsi, texnologiya transfer mərkəzlərinin yaradılması, universitet–sənaye əməkdaşlığının gücləndirilməsi, elmi parkların və biznes inkubatorlarının inkişaf etdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və akademik sahibkarlıq təhsilinin təşviqi mühüm əhəmiyyət kəsb edir.
Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində innovasiya, tədqiqat və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil olunur.