Fiziki məhdudiyyət əngəl deyil, əngəllər düşüncələrimizdədir (Student Media)

  • Рубрика записиXəbərlər (AZ)

Fiziki məhdudiyyət əngəl deyil, əngəllər düşüncələrimizdədir

 

Mingəçevir Dövlət Universitetinin tələbəsinin “Student Media” saytında yayımlanan yazısı

 

Bu insanların mərhəmətə deyil, doğru yanaşmaya ehtiyacları var.

Toğrul Zamanlı universitetdə təhsil ala bilsə də, başqa gənclər əlilliyi olan şəxslər üçün infrastruktur yaradılmaması üzündən əziyyət çəkirlər.

Fiziki məhdudiyyətləti Toğrul Zamanlının təhsil almasına mane olmur.

Mingəçevir Dövlət Universitetinin tarix müəllimliyi ixtisasının 3-cü kurs tələbəsi Zamanlı Toğrul Azər oglunun görmə, danışıq və hərəkətində qüsurlar var: “Uşaq vaxtı serebrial iflic keçirmişəm, loqoped, psixoloq yanında olmuşam”.

Toğrul deyir ki, universitetdə onun üçün hərtərəfli şərait yaradılıb: “Yazmağa çətinlik çəkdiyim üçün məndən imtahanları şifahi götürürlər. Görmədə zəifliyə görə dərs otaqlarım da 1-ci mərtəbədədir”. Türkdilli dövlətlərin bayraqlarını toplamaq T.Zamanlının hobbisidir. Onun kolleksiyasında 199 ölkənin bayraqları var. Asudə vaxtında kitab oxuyur, şeir yazır.

Toğrul Zamanlının maraqlı kolleksiyası var.

Anası Göyçək xanım deyir ki, MDU-da oğlu üçün yetərli şərait yaradılıb: “Həm universitetə, həm də övladima güvənirəm”.

İkinci Qarabağ müharibəsində könüllü döyüşən və Ağdam istiqamətində gedən döyüşlərdə ayaqlarımı itirən Abdulla Abdullayev də universitetdə təhsilini yenidən davam etdirmək istəyir. Amma hazırkı şəraitdə bunun mümkün olacağına inanmır:

“Bunun üçün həm yaşadığım şəhərdə, həm də universitetin girişində pandüslər qoyulmalıdır. Əlilliyi olan şəxslərin taksi və avtobus xidmətlərindən istifadə etməsi üçün də Mingəçevirdə şərait yoxdur. Hündürmərtəbəli binalarda mənzildən çölə çıxmağımız üçün də xüsusi qurğular quraşdırılmalıdır. Təəssüf ki, bütün bunların yaxın illərdə reallaşdırılacağı real görünmür”.

Qarabağ qazisi Mingəçevirdə əlilliyi olan şəxslər üçün infrastruktur yaradılmasını tələb edir.

MDU-nun pedaqoji fakültəsinin dekanı Nizami Zeynalov diqqətə çatdırır ki, universitetdə inkulizivliyin təmin olunması üçün ardıcıl addımlar atılır:

” Bu ildən etibarən fiziki məhdudiyyətli tələbələrin müəllimlərin işə qəbulu imtahanına hazırlığı üçün pulsuz kursların keçirilməsi nəzərdə tutulub. Bu tələbələrimiz üçün müxtəlif karyera yüksəlişilə bağlı peşəkarlarla görüş məqsədilə layihə həyata keçirir, təlimlər təşkil edirik”.

MDU-nun dekanı Nizami Zeynalov əlilliyi olan şəxslərin inkişafı üçün bir sıra layihələrin icra olunduğunu bildirir.