2026-cı ilin 7 iyul tarixində Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 2025/2026-cı tədris ili üzrə sonuncu iclası keçirilib.
İclası açıq elan edən MDU-nun rektoru Anar Eminov gündəlik məsələlərə keçməzdən əvvəl universitet əməkdaşlarının elmi nailiyyətlərini yüksək qiymətləndirib. Rektor Mingəçevir Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun direktoru Aidə Mustafayevanı texnika elmləri üzrə fəlsəfə doktoru, İqtisadiyyat kafedrasının baş müəllimi Vüqar Məmmədli və Biznes və menecment kafedrasının müəllimi Saqib Məmmədovun iqtisad elmləri üzrə fəlsəfə doktoru diplomlarını almaları münasibətilə təbrik edib, onlara elmi-pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Eləcə də Biznes və menecment kafedrasının müdiri dosent Emiliya Hüseynova kafedra müdiri vəzifəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Daha sonra Elmi Şuranın gündəliyində duran məsələlər müzakirəyə çıxarılıb.
İclasda 2025/2026-cı tədris ilinin yaz imtahan sessiyasının yekunları haqqında hesabat dinlənilib. Hesabatda imtahan sessiyasının təşkili, tələbələrin akademik göstəriciləri, şəffaflığın təmin olunması, tədris keyfiyyətinin yüksəldilməsi və növbəti dövr üçün qarşıda duran vəzifələr barədə məlumat verilib.
Sonra, Mingəçevir Dövlət Universitetində mövcud “Mühəndislik” fakültəsinin nəzdində “Mühəndislik” və “Riyaziyyat və İnformasiya Texnologiyaları” fakültələrinin yaradılması məsələsi müzakirə edilib. Bildirilib ki, bu struktur dəyişiklikləri universitetdə mühəndislik, informasiya texnologiyaları və rəqəmsal transformasiya istiqamətlərinin daha məqsədyönlü inkişaf etdirilməsinə xidmət edəcək.
İclasda həmçinin Mühəndislik fakültəsinin nəzdində fəaliyyət göstərən Fizika və ekologiya kafedrasının bazasında Təbiət elmləri kafedrasının yaradılması məsələsinə baxılıb. Yeni kafedranın yaradılmasının təbiət elmləri üzrə tədris, tədqiqat və akademik fəaliyyətin daha sistemli təşkilinə imkan yaradacağı qeyd olunub.
Cari məsələlər çərçivəsində Mingəçevir Dövlət Universitetinin əlilliyi olan əməkdaşların əmək haqlarına əlavələrin müəyyən edilməsi, Tələbələrlə iş şöbəsinin, eləcə də İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin Əsasnamə layihələrinin müzakirəsi aparılıb. Bununla yanaşı, Elmi Şuranın 15 iyul 2025-ci il tarixli 102 saylı qərarında tədris və istehsalat təcrübələrinə rəhbərlik, hesabatların yoxlanılması və qəbulu üzrə saat normalarına dəyişiklik edilməsi məsələsi nəzərdən keçirilib.
Elmi Şurada MDU əməkdaşlarının ingilis dili bacarıqlarının gücləndirilməsi məqsədilə stimullaşdırma tədbirləri haqqında əvvəlki qərarların ləğv edilməsi, eləcə də universitetdə ingilis dilində tədris aparan professor-müəllim heyətinin fəaliyyətinin stimullaşdırılması məsələləri də müzakirə olunub. Qeyd edilib ki, bu istiqamətdə görülən işlər MDU-da beynəlxalqlaşma, ingilisdilli tədris və akademik rəqabətlilik baxımından mühüm əhəmiyyət daşıyır.
İclasda Azərbaycan Texniki Universiteti ilə birgə həyata keçiriləcək bakalavriat səviyyəsi üzrə “Elektrik və elektronika mühəndisliyi” və “Energetika mühəndisliyi” ixtisaslarının tədris planlarının hazırlanması üçün İşçi qrupun yaradılması məsələsinə də baxılıb.
Bundan əlavə, magistratura səviyyəsi üzrə tələbə qəbulu aparılacaq “Beynəlxalq biznesin idarə edilməsi”, “Beynəlxalq biznes”, “İnsan resurslarının idarə edilməsi”, “Beynəlxalq iqtisadiyyat”, “Beynəlxalq maliyyə”, “Turizm işi”, “Ətraf mühitin mühafizəsi və bərpası metodları” və “Ekoloji menecment” ixtisaslarının tədris planlarının hazırlanması üçün İşçi qrupun yaradılması müzakirə edilib.
Eyni zamanda bakalavriat səviyyəsi üzrə tələbə qəbulu aparılacaq “Beynəlxalq ticarət və logistika”, “Turizm işinin təşkili” ingilis dilində, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Kompüter elmləri” ingilis dilində ixtisaslarının tədris planlarının hazırlanması üçün İşçi qrupun yaradılması barədə məsələ gündəliyə daxil edilib.
İclasda Mingəçevir Dövlət Universitetində Türk Dünyası Araşdırmalar İnstitutunun yaradılması haqqında məsələ də müzakirə olunub. Bildirilib ki, institutun yaradılması türk dünyası ilə bağlı elmi tədqiqatların, akademik əməkdaşlığın və mədəni-humanitar əlaqələrin inkişafına töhfə verəcək.
Gündəlikdə duran digər mühüm məsələ MDU-da QS Stars Qiymətləndirmə Sisteminin tətbiqi və bu istiqamətdə işçi komissiyanın yaradılması ilə bağlı olub. Qeyd edilib ki, bu təşəbbüs universitetin beynəlxalq reytinq sistemlərində iştirak imkanlarının genişləndirilməsi, institusional göstəricilərin təhlili və inkişaf hədəflərinin daha sistemli şəkildə müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Müzakirələrdən sonra gündəlikdə yer alan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.
İclasın sonunda rektor Anar Eminov 2025/2026-cı tədris ilinin başa çatması münasibətilə Mingəçevir Dövlət Universitetinin akademik-inzibati heyətini, tələbə və magistrantlarını təbrik edib. Rektor tədris ili ərzində universitetin inkişafı naminə göstərilən birgə səylərə görə kollektivə təşəkkürünü bildirib, hər kəsə xoş və səmərəli istirahət arzulayıb.