MDU-da dəyirmi masa: “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün”

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən tədbirdə universitetin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak ediblər.

Əvvəlcə, Ümummilli Liderimizin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixini ölkəmizi tərəqqiyə aparan yolun başlanğıc günü kimi dəyərləndirib və bu əlamətdar tarixi hadisənin böyük ictimai-siyasi əhəmiyyətindən bəhs edib. Bildirib ki, sovet dönəmində milli maraqlara uyğun fəaliyyətlərin böyük çətinlikləri və həyati riskləri fonunda o zaman respublikamızda hökm sürən ağır tənəzzül şəraitinə baxmayaraq qısa müddət ərzində sosial, iqtisadi və mədəni yüksəlişin əldə edilməsi, milli özünüdərkin oyanmasına və milli intibaha nail olunması məhz Heydər Əliyev dühasının nəticəsidir. Vurğulanıb ki, rəhbərliyinin bütün dövrlərində dünya şöhrətli siyasətçi Heydər Əliyevin titanik fəaliyyətinin nəticələri müasir Azərbaycanın hərtərəfli inkişafında və qüdrətlənməsində müstəsna rol oynayıb.

Sonra MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova məruzə ilə çıxış edib. Məruzədə ulu öndər Heydər Əliyevin birinci siyasi hakimiyyəti dövründə Azərbaycanda ictimai həyatın bütün sahələrində baş verən əhəmiyyətli kəmiyyət və keyfiyyət dəyişikliklərindən, həyata keçirilmiş kompleks və sistemli islahatlardan, milli müstəqilliyimizə hədəflənən uzaqgörən və cəsarətli addımlardan bəhs edilib.

Məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Daha sonra dəyirmi masanın mövzusu ilə bağlı çıxışlar edilib, dahi şəxsiyyətin zəngin irsinin davamlı öyrənilməsi və təbliğinin önəmi diqqətə çatdırılıb.

Qeyd edək ki, MDU-da “Heydər Əliyev İli” çərçivəsində müxtəlif tədbirlər keçirilir.