Alternativ enerji sahəsində yeni razılaşma: Mingəçevir Dövlət Universiteti ilə “Green Blue” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

  • Рубрика записиMSU News

Mingəçevir Dövlət Universiteti ilə alternativ enerji və bioyanacaq sahəsində fəaliyyət göstərən “Green Blue” MMC arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandum MDU-nun Dayanıqlı enerji və regional inkişaf Tədqiqat İnstitutunun direktoru Ruhiyyə Hüseynova və “Green Blue” MMC-nin direktoru İbrahim Əbdülrəhimov tərəfindən imzalanıb.

Memorandumun əsas məqsədi tərəflər arasında alternativ enerji, bioyanacaq texnologiyaları, ekoloji layihələr və dayanıqlı inkişaf sahələrində əməkdaşlığın təşkili və genişləndirilməsidir. Sənəd çərçivəsində tərəflər ekoloji dayanıqlılığın təmin olunması, ətraf mühitin qorunması, tullantıların səmərəli idarə olunması və yaşıl enerji həllərinin təşviqi istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Əməkdaşlıq çərçivəsində bioyanacaq istehsalı, alternativ istilik sistemlərinin tətbiqi, ekoloji layihələrin həyata keçirilməsi, elmi-praktiki fəaliyyətlərin təşkili və tələbələrin istehsalat təcrübəsinə cəlb olunması nəzərdə tutulur. Bununla yanaşı, tərəflər birgə elmi tədqiqatların aparılması, innovativ layihələrin hazırlanması və ekoloji maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində də əməkdaşlıq edəcəklər.

“Green Blue” MMC tərəfindən alternativ enerji texnologiyaları və bioresursların emalı sahəsində mövcud təcrübə və texniki imkanların paylaşılması, eyni zamanda təhsil müəssisələrində dayanıqlı enerji həllərinin tətbiqinə dəstək göstərilməsi planlaşdırılır. MDU isə öz növbəsində tələbə və əməkdaşlar arasında ekoloji məsuliyyətin artırılması, elmi-praktiki tədbirlərin təşkili və innovativ təşəbbüslərin dəstəklənməsini təmin edəcək.

Memorandum həmçinin dayanıqlı inkişaf məqsədlərinə töhfə verməyi, yaşıl enerji texnologiyalarının tətbiqini genişləndirməyi və ekoloji düşüncə tərzinin formalaşdırılmasını hədəfləyir. Bu çərçivədə seminarlar, forumlar, təlimlər və maarifləndirici kampaniyaların təşkili nəzərdə tutulur.

Qeyd edək ki, bu əməkdaşlıq Mingəçevir Dövlət Universitetinin dayanıqlı inkişaf və yaşıl enerji sahəsində fəaliyyətinin genişləndirilməsi istiqamətində mühüm addım hesab olunur.