2024-cü ilin 15-19 aprel tarixlərində Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində İspaniya Krallığının Valladolid Universitetində akademik heyətin bilik və bacarıqlarının inkişafı məqsədilə təlimlər həyata keçirilib. Bu təlimlərdə Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının müəllimi Sənan Mehdi iştirak edib.
Əməkdaşımız təlim müddətində Valladolid Universitetinin Təhsil və sosial iş fakültəsinin Pedaqogika kafedrasında olub, sillabus, araşdırma metodologiyası, tədris metodları, sosial sahibkarlıq, karyera, eləcə də peşə və ixtisasların tanınması istiqamətində məlumatlar alıb.
Bundan əlavə, S.Mehdi dinləyicisi kimi Valladolid Universitetininin əməkdaşları tərəfindən edilən müxtəlif təqdimatlarda iştirak edib, Təhsil innovasiya laboratoriyasında, Beynəlxalq əlaqələr ofisində olaraq, tələbələrin innovativ istehsalata təşviq edilməsini, eyni zamanda beynəlxalq əlaqələr istiqamətində əməkdaşlıq imkanlarını araşdırıb.
Qeyd edək ki, Azərbaycanda koordinator statusunda Erasmus+ layihəsinin qalibi olan ilk region universiteti MDU beynəlxalq əməkdaşlıq və eyni zamanda Erasmus+ proqramı çərçivəsində xarici universitetlərlə tələbə, akademik və inzibati heyət üzvlərinin əsas mübadiləsini əsas prioritetlərindən hesab edir.