Qurban bayramı fədakarlığın, mənəvi paklığın, müqəddəs ideallara yaxınlığın rəmzidir və həm də cəmiyyətin birliyinin, həmrəyliyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan xalqı tarix boyu İslamın saf əxlaqi dəyərlərinə sadiq qalaraq, bu bayramı milli-mənəvi kimliyimizin tərkib hissəsi kimi yaşatmış, onun hikmətini həyatları boyu təcəssüm etdirmişlər.
Öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur.
Qurban bayramı islamın bir din kimi tamamlanması və mənəvi-əxlaqi qurtuluş yolu olaraq insanlara bəxş edilməsi ilə əlamətdardır. Bu müqəddəs gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Hər il ölkəmizdə böyük təntənə ilə keçirilən Qurban mərasimləri cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.
Fərəhləndirici haldır ki, bu bayram günlərində azad Qarabağda həmvətənlərimiz öz doğma torpaqlarına qovuşmağın sevinciylə ata-baba yurdlarında qurbanlar kəsirlər. Bu əziz gündə Azərbaycanın müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsini minnətdarlıqla yad edirəm.
Xalqımızın və dövlətimizin əmin-amanlığı, rifahı naminə edilən duaların, kəsilən qurbanların Tanrı dərgahında qəbul olunması amalıyla dünyanın müxtəlif coğrafiyalarında yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirirəm. Bu bayramın ailələrə firavan həyat və səadət, süfrələrə xeyir-bərəkət gətirməsi, hər kəsin qəlbindəki niyyətlərə qovuşması arzusu ilə,
Qurban Bayramınız mübarək olsun!
Hörmətlə,
Анар Эминов
Mingəçevir Dövlət Universitetinin rektoru
27 may 2026-cı il