2026-cı ilin 8 iyun tarixində Mingəçevir Dövlət Universitetində “Qlobal tərəfdaşlıq, innovativ düşüncə və dayanıqlı gələcək naminə” şüarı altında keçirilən “Beynəlxalqlaşma, İnnovasiya və Dayanıqlı İnkişaf Həftəsi”nin rəsmi açılış mərasimi baş tutub.
Həftənin ilk günü beynəlxalqlaşma mövzusuna həsr olunub. Bu çərçivədə təşkil edilən Beynəlxalqlaşma Forumunda universitet rəhbərliyi, professor-müəllim heyəti və qiyabi formada təhsil alan tələbələr iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Elm və innovasiya məsələləri üzrə prorektor Natəvan Namazova MDU-da beynəlxalqlaşmanın universitetin strateji inkişaf prioritetlərindən biri olduğunu vurğulayıb. O, qlobal akademik əməkdaşlıqların genişləndirilməsi, tələbə və müəllimlərin beynəlxalq mobillik imkanlarından daha fəal yararlanması, eləcə də innovasiya və dayanıqlı inkişaf istiqamətlərində həyata keçirilən təşəbbüslərin universitetin rəqabətqabiliyyətinin artırılmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb. N.Namazova “Beynəlxalqlaşma, İnnovasiya və Dayanıqlı İnkişaf Həftəsi”nin universitet ictimaiyyəti üçün yeni əməkdaşlıq imkanlarının yaranmasına, qabaqcıl təcrübələrin paylaşılmasına və qlobal çağırışlara uyğun inkişaf perspektivlərinin müəyyənləşdirilməsinə xidmət etdiyini bildirib.
Universitetin Ömürboyu Təhsil Məktəbinin direktoru Vəfa Məhərrəmova çıxışında müasir dövrdə ömürboyu təhsilin əhəmiyyətindən danışıb. O, qlobal əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların davamlı şəkildə yenilənməsinin vacibliyini vurğulayaraq MDU-da həyata keçirilən təlim, sertifikat proqramları və peşəkar inkişaf təşəbbüsləri barədə məlumat verib. V.Məhərrəmova beynəlxalq təcrübənin öyrənilməsi, innovativ yanaşmaların tətbiqi və davamlı öyrənmə mədəniyyətinin formalaşdırılmasının universitetin inkişaf strategiyasında mühüm yer tutduğunu diqqətə çatdırıb.
Türkiyənin Ankara Hacı Bayram Veli Universiteti professoru Evren Güçer tərəfindən göndərilən videomüraciətdə universitetlərarası əməkdaşlığın, beynəlxalq akademik şəbəkələrin və bilik mübadiləsinin ali təhsilin inkişafındakı əhəmiyyəti vurğulanıb. Professor Evren Güçer MDU-da keçirilən “Beynəlxalqlaşma, İnnovasiya və Dayanıqlı İnkişaf Həftəsi”nin əhəmiyyətini yüksək qiymətləndirərək bu kimi təşəbbüslərin tələbələrin qlobal dünyagörüşünün formalaşmasına, universitetlərin beynəlxalq əlaqələrinin güclənməsinə və dayanıqlı inkişaf məqsədlərinə töhfə verdiyini bildirib. O, MDU kollektivinə uğurlar arzulayaraq gələcək əməkdaşlıq perspektivlərinə dair xoş arzularını çatdırıb.
Sonra, MDU-nun Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsinin koordinatoru Pərviz Məmmədrzayev çıxışında universitetin beynəlxalqlaşma istiqamətində əldə etdiyi nailiyyətlərdən bəhs edib, xarici ali təhsil müəssisələri ilə əməkdaşlığın inkişafı, akademik mobillik proqramları, xaricdə təhsil və mübadilə imkanları barədə ətraflı məlumat verib. O, tələbələrin beynəlxalq proqramlarda iştirakının onların akademik və şəxsi inkişafına mühüm töhfə verdiyini vurğulayaraq bu istiqamətdə universitet tərəfindən yaradılan imkanlardan fəal şəkildə yararlanmağa çağırıb.
Açılış mərasimində çıxış edənlər ali təhsildə beynəlxalqlaşmanın əhəmiyyətindən bəhs edərək tələbələrin qlobal akademik mühitə inteqrasiyasının, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsinin və yeni əməkdaşlıq imkanlarının yaradılmasının vacibliyini vurğulayıblar.
Sonra, hazırda təhsilini xaricdə davam etdirən tələbələrin təəssüratlarından ibarət videoçarx nümayiş etdirilib. Videoçarxda tələbələrin müxtəlif ölkələrin akademik mühitində qazandıqları təcrübələr, əldə etdikləri bilik və bacarıqlar, eləcə də beynəlxalq təhsil imkanlarının onların şəxsi və peşəkar inkişafına təsiri əks olunub. Təqdim olunan təcrübələr iştirakçılar tərəfindən maraqla qarşılanıb və tələbələr üçün motivasiya mənbəyi kimi dəyərləndirilib.
Qeyd edək ki, 8–12 iyun tarixlərini əhatə edən həftə çərçivəsində tələbə startap və innovasiya layihələrinin təqdimatı, xaricdə təhsil və mübadilə proqramları üzrə məlumat sessiyaları, hibrid seminarlar, beynəlxalq mətbəx günü və idman oyunları keçiriləcək. Tədbirlərin əsas məqsədi universitetdə beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, innovativ düşüncənin təşviqi, tələbələrin qlobal təhsil və layihə imkanları barədə məlumatlandırılması, eləcə də dayanıqlı inkişaf təşəbbüslərinə dəstək verilməsidir.
Qeyd edək ki, “Beynəlxalqlaşma, İnnovasiya və Dayanıqlı İnkişaf Həftəsi”nin universitet ictimaiyyətinin beynəlxalq təcrübəsinin zənginləşdirilməsinə, innovativ təşəbbüslərin təşviqinə və dayanıqlı inkişaf dəyərlərinin geniş təbliğinə mühüm töhfə verəcəyi gözlənilir.