VEHUB4YOU layihəsi çərçivəsində ümumtəhsil müəssisələrinin şagirdləri  “Digital Communication in Education”  adlı onlayn təlimdə iştirak edib

  • Рубрика записиMDU xəbərləri

24 yanvar 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşlıq etdiyi “Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi” (VEHUB4YOU) adlı Erasmus+ layihəsi çərçivəsində fasilitator təlimlərinin nəticəsi olaraq “Digital Communication in Education”  adlı onlayn interaktiv təlim təşkil olunub. Təlimdə Mingəçevir şəhəri ümumtəhsil məktəblərinin müəllimləri və şagirdləri, eləcə də universitet tələbələri  fəal iştirak edib.

Təlimdə iştirakçılar virtual əlaqələrin ən son təcrübələrinin tədqiqi, tədris prosesində onlayn təhsilin müasir informasiya vasitələrindən istifadə ilə bağlı məlumatların əldə edilməsi, rəqəmsal proqram və texnologiyalardan istifadə, virtual əlaqələrin yaradılması və təşkili üzrə praktiki tədbirlərdə iştirak, müasir proqramlardan olan suni intellektdən istifadə edərək yeniliklərə açıq olmaq və gələcəyin əsas bacarıqlarının, xüsusən də rəqəmsal ünsiyyətə əsaslanan bacarıqlar  və s. məlumatları ilə ətraflı tanış olublar. 

     Görüşdə layihənin məqsədi, gənclərə verəcəyi töhfələri və təqdim edilən imkanlar haqqında ətraflı məlumat verilib. Layihənin növbəti iş planına əsasən təlimlərdə fəal iştirak edən gənclər Avropa universitetləri tərəfindən təşkil olunan yay məktəblərində iştirak etmək imkanı əldə edə biləcəklər. Təlimin sonunda layihə meneceri Samirə Əhmədova və iştirakçı müəllimlər şagirdlərə onlar üçün yaradılan imkanlardan səmərəli yararlanmağı tövsiyə edərək hər birinə gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.

Qeyd edək ki, VEHUB4YOU layihəsinin əsas məqsədi virtual mübadilə texnologiyalarından istifadə yolu ilə biznes üzrə bilikləri gənclərə ötürməkdir.

Sonda iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

MDU-da gələcəkdə tələbə və orta məktəb şagirdlərinin şəxsi bacarıqlarını inkişaf etdirməsi, rəqəmsal və şəxsi inkişaf barədə düzgün qərarlar verməsinə və ümumilikdə təhsil keyfiyyətlərinin  artmasına təkan vermək məqsədilə bu kimi təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulub.