22 may 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Gənc Fizik” və “Gənc Kimyaçı” tələbə elmi dərnəklərinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Təbiət elmlərinə tələbə baxışı” mövzusunda elmi-praktik seminar keçirilib.
Universitetin Heydər Əliyev Mərkəzində təşkil edilmiş seminarda MDU-nun Mühəndislik fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbirdə ilk olaraq “Təbiət elmlərinin gücü, texnologiyada rolu” adlı videoçarx nümayiş olunub.
Sonra, seminarın proqramına uyğun olaraq tələbələr məruzələrlə çıxış ediblər. MDU-nun tələbələrindən Aidə Qəhrəmanova “Vulkanizm və vulkanik püskürmələr”, Nəzrin Rəsulova “Qan damar sistemi”, Mahmud Kərimov “Elektromaqnit rəqslər və dalğalar”, Fatimə Paşayeva “Sensorların kimyada tətbiqi” və Əsginaz Həsənova” İstilik enerji və qanunlar: Termodinamikanın sirli dünyası” mövzularında təqdimatlarla öz məruzələrini ediblər.
Seminar çərçivəsində təbiət elmlərinə dair aktual mövzular geniş şəkildə müzakirə olunub, iştirakçılar arasında elmi fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, il ərzində MDU-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində müxtəlif tədbirlər keçirilir.