Вы сейчас просматриваете Mingəçevir Dövlət Universitetində “Tədrisdə süni intellekt alətlərinin istifadəsi” mövzusunda beynəlxalq təlimə start verilib

Mingəçevir Dövlət Universitetində “Tədrisdə süni intellekt alətlərinin istifadəsi” mövzusunda beynəlxalq təlimə start verilib

  • Рубрика записиİT kafedrası

2026-cı ilin 9 fevral tarixində Mingəçevir Dövlət Universitetinin İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə “Tədrisdə süni intellekt alətlərinin istifadəsi” mövzusunda beynəlxalq səviyyəli 5 günlük təlim proqramına start verilib.

Təlim Azərbaycan Respublikasının uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyalarında xüsusi yer tutan insan kapitalının gücləndirilməsi, rəqəmsal bacarıqların inkişafı və innovasiya yönümlü təhsil mühitinin formalaşdırılması hədəflərinə xidmət edir.

Bu kontekstdə təşkil olunan təlim ali təhsildə beynəlxalq təcrübənin transferi, regionun elmi-pedoqoji potensialının gücləndirilməsi və müasir tədris metodlarının tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır. Təlimdə Mingəçevir Dövlət Universiteti ilə yanaşı, Türkiyə Respublikasının aparıcı ali təhsil müəssisələrinin – Orta Doğu Texniki Universiteti, OSTİM Texnik Universiteti, Gazi Universiteti, TED Universiteti, Kahramanmaraş İstiklal Universiteti və Rəcəb Tayyib Ərdoğan Universitetinin tanınmış alim və mütəxəssisləri iştirak edirlər.

Təlim proqramının ilk günü “Süni intellekt əsaslı təhsilin elmi-konseptual çərçivəsi və qlobal baxış” mövzusuna həsr olunub. Modulun moderatoru Mingəçevir Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, dosent Natavan Namazovadır. Təlim Microsoft Teams platforması üzərindən təşkil olunub və iştirakçılar QR kod vasitəsilə sessiyalara qoşulublar.

Modul çərçivəsində ilk elmi məruzə Türkiyənin Gazi Universitetinin professoru Dr. Hacer Karacan tərəfindən təqdim edilib. “Süni intellekt texnologiyalarının elmi əsasları və ali təhsildə tətbiq modelləri” mövzusunda çıxış edən professor süni intellektin təhsildə rolu, qlobal təhsil trendləri, AI əsaslı transformasiya prosesləri, eləcə də müəllimin dəyişən rolu və rəqəmsal səriştələrin əhəmiyyəti barədə ətraflı məlumat verib.

Günün ikinci sessiyasında Türkiyənin OSTİM Texnik Universitetinin professoru Dr. Alparslan Durmuş “Süni intellekt ilə tədris məzmununun hazırlanması” mövzusunda məruzə ilə çıxış edib. Məruzə çərçivəsində Gemini, Copilot, Grok, DeepSeek və ChatGPT kimi generativ süni intellekt alətlərindən istifadə etməklə tədris materiallarının hazırlanması, eləcə də Turnitin və iThenticate platformaları vasitəsilə tapşırıqların qiymətləndirilməsi mexanizmləri ətraflı izah olunub. Növbəti praktiki simulyasiya sessiyası iştirakçılara süni intellekt əsaslı tədris alətlərini real təhsil mühitində tətbiq etmək imkanı yaradıb.