10 fevral 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetində keçirilən “Tədrisdə süni intellekt alətlərinin istifadəsi” mövzusunda 5 günlük beynəlxalq təlim proqramı çərçivəsində ikinci modul uğurla həyata keçirilmişdir. “Təhsildə süni intellekt və generativ AI alətləri” mövzusuna həsr olunmuş modul ali təhsil sistemində innovativ yanaşmaların tətbiqi, AI əsaslı texnologiyaların tədris prosesinə inteqrasiyası və müəllimlərin rəqəmsal kompetensiyalarının inkişaf etdirilməsi məqsədinə xidmət etmişdir.
Rəqəmsal transformasiya şəraitində generativ AI alətlərinin təhsildə rolu xüsusi aktuallıq kəsb etdiyindən, modul həm nəzəri, həm də praktik baxımdan zəngin məzmunla təqdim olunmuşdur. Modulun moderatoru təhsil üzrə müasir dosent Ceyhun Mahmudov olmuşdur. Sessiyalar onlayn formatda Microsoft Teams platforması üzərindən təşkil edilmiş, Azərbaycan vaxtı ilə 11:00–12:00 və 15:00–16:00 aralığında keçirilmişdir. Təlimdə 80 nəfər iştirak etmişdir.
Günün ilk sessiyasında Orta Doğu Teknik Üniversitesi-nin professoru Dr. Ömer Delialioğlu “Təhsildə Süni İntellekt” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə prompt mühəndisliyinin əsas prinsipləri, e-öyrənmə, ənənəvi və uzaqdan təhsil modellərində AI alətlərinin tətbiqi, həmçinin tədris prosesində AI əsaslı fərdiləşdirmə və adaptiv öyrənmə modelləri geniş elmi təhlil edilmişdir. Saat 12:00–12:30 aralığında keçirilən praktiki simulyasiya mərhələsində iştirakçılar prompt dizaynı və süni intellekt alətlərinin tədrisdə tətbiqi üzrə interaktiv tapşırıqlar icra etmişlər.
Günün ikinci sessiyasında MDU əməkdaşı Əziz Əmiraslanov “Veb 3.0 əsaslı əməkdaşlıq və layihə idarəetmə alətləri” mövzusunda təqdimatla çıxış etmişdir. Məruzədə Miro, Padlet, Notion, Trello və Figma kimi Web 3.0 alətlərinin tədris prosesində rolu, qrup layihələrinin planlaşdırılması və tapşırıqların monitorinq mexanizmləri, vizual təqdimatların hazırlanması və komanda əməkdaşlığının təşkili məsələləri ətraflı şəkildə təqdim edilmişdir. Saat 16:00–16:30 aralığında təşkil edilən praktiki simulyasiya sessiyasında iştirakçılar Web 3.0 və AI əsaslı əməkdaşlıq platformalarını real tədris mühitində tətbiq etmişlər.
Ümumilikdə, beynəlxalq təlim proqramının ikinci modulu ali təhsildə qabaqcıl beynəlxalq təcrübənin paylaşılması, akademik heyətin innovativ və rəqəmsal bacarıqlarının artırılması, eləcə də regionda rəqəmsal təhsil ekosisteminin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Təlim proqramının növbəti günlərdə də davam etdirilməsi və süni intellektin tədris, qiymətləndirmə və idarəetmə proseslərinə inteqrasiyası istiqamətində elmi-praktik müzakirələrin genişləndirilməsi nəzərdə tutulur.