Mingəçevir Dövlət Universitetində tələbələrin yaradıcılıq potensialının inkişafı və ekoloji məsuliyyətli yanaşmanın təşviqi məqsədilə kreativ tədbir təşkil olunub. Universitetin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən CreART klubu tərəfindən təşkil olunan tədbir çərçivəsində ekoloji tullantılardan hazırlanmış art-instalyasiyalar təqdim edilib.
Tədbir zamanı iştirakçılar istifadə olunmuş və tullantı hesab edilən müxtəlif materiallardan yararlanaraq kreativ sənət əsərləri hazırlayıb və onları sərgiləyiblər. Tələbələr gündəlik istifadə zamanı yaranan tullantıların yenidən istifadəsi imkanlarını nümayiş etdirərək müxtəlif bədii kompozisiyalar və instalyasiyalar ərsəyə gətiriblər.
Hazırlanan əsərlər iştirakçılar tərəfindən maraqla qarşılanıb, tullantı materiallarının yaradıcı yanaşma vasitəsilə yeni funksional və estetik dəyər qazana biləcəyi vurğulanıb. Tədbir çərçivəsində tələbələr arasında ətraf mühitə həssas münasibətin formalaşdırılması, resurslardan səmərəli istifadə və davamlı həyat tərzinin təşviqinin vacibliyi qeyd olunub.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin yaradıcılıq bacarıqlarının inkişafını dəstəkləmək, ekoloji düşüncəni təşviq etmək və gənclərin sosial məsuliyyət hissini gücləndirmək məqsədilə müxtəlif maarifləndirici və kreativ təşəbbüslər mütəmadi olaraq həyata keçirilir.