Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Dastana dönən hekayələr” layihəsi çərçivəsində ilk şəhid ailəsi ziyarət edilib. Layihə Mingəçevir Dövlət Universitetinin və Sabirabad Gənclər Evinin dəstəyi ilə həyata keçirilir.
Layihənin əsas məqsədi gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, qəhrəmanlarımızın həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılması və onların xatirəsinin yaşadılmasıdır. Bu təşəbbüs çərçivəsində şəhidlərin həyat hekayələrinin toplanması, onların göstərdikləri şücaətin gənc nəsil üçün nümunə kimi təqdim olunması və milli-mənəvi dəyərlərin təbliği nəzərdə tutulur.
Layihənin ilk mərhələsi çərçivəsində təşkil olunan ziyarət zamanı şəhid ailəsi ilə görüş keçirilib, şəhidin həyat yolu, Vətənə bağlılığı və qəhrəmanlıq nümunələri haqqında xatirələr dinlənilib. Bildirilib ki, bu kimi görüşlər təkcə xatirələrin bölüşülməsi deyil, həm də qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, “Dastana dönən hekayələr” layihəsi çərçivəsində növbəti mərhələlərdə digər şəhid ailələrinin ziyarəti, xatirələrin toplanması və gənclər üçün maarifləndirici görüşlərin təşkili nəzərdə tutulur. Layihə gənclərin vətənpərvərlik ruhunda formalaşmasına və milli dəyərlərə bağlılığının gücləndirilməsinə töhfə verməyi hədəfləyir.