2026-cı ilin 10 yanvar tarixində Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsində təhsil alan Rİ 22.1 və Rİ 22.2 qrup tələbələri Mingəçevir şəhərində yerləşən “Uşaq və Ailələrə Dəstək Mərkəzi”ndə “İnklüziv inkişaf modelləri və sosial ədalət mexanizmləri” mövzusunda təcrübə əsaslı inklüziv müşahidə sessiyasında iştirak ediblər. Tədbir Pedaqogika və psixologiya kafedrasının müəllimləri Zülfiyyə Tanrıverdiyeva və Günel Nəcəfovanın rəhbərliyi ilə həyata keçirilib.
Sessiyanın əsas məqsədi inklüziv inkişaf modelinin praktik mühitdə müşahidə edilməsi, sosial ədalət prinsiplərinin real təhsil mühitində tətbiqinin öyrənilməsi, eləcə də tələbələrdə empatiya, əməkdaşlıq və sosial məsuliyyət kimi bacarıqların formalaşdırılması olub.
Fəaliyyət çərçivəsində tələbələr və inklüziv təhsilə cəlb olunmuş uşaqlar üçün birgə yaradıcı və inkişafetdirici məşğələlər təşkil olunub. Məşğələlər zamanı nağıl və ədəbi əsər motivləri əsasında hazırlanmış təsvirlərin rənglənməsi, eləcə də idrak fəaliyyətini, məntiqi təfəkkürü və sensor-motor bacarıqları inkişaf etdirən pazl yığımı kimi fəaliyyətlər həyata keçirilib. Bu proses uşaqlar arasında sosial inteqrasiyanın gücləndirilməsinə, qarşılıqlı ünsiyyətin və bərabər iştirak imkanlarının genişlənməsinə töhfə verib.
Sessiya zamanı tələbələr uşaqların təlim prosesində iştirakını müşahidə edərək inklüziv mühitdə fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqların birgə öyrənmə təcrübəsi ilə yaxından tanış olublar.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində inklüziv təhsil və sosial ədalət prinsiplərinin təşviqi istiqamətində həyata keçirilən bu kimi praktiki təşəbbüslər tələbələrin peşəkar bacarıqlarının inkişafı, sosial məsuliyyət hissinin formalaşdırılması və inklüziv cəmiyyətin qurulmasına töhfə verilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.