Mingəçevir Dövlət Universitetində Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş sənədli filmin təqdimatı keçirilib

  • Рубрика записиMDU xəbərləri

Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olmuş layihə əsasında Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qəhrəmanlıq yolundan bəhs edən sənədli filmin təqdimat mərasimi keçirilib. Tədbirdə media nümayəndələri, qəhrəmanın ailə üzvləri, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vətənpərvərlik ruhunda təşkil olunan tədbirdə Natiq Qasımovun Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərdiyi misilsiz rəşadət dərin ehtiramla yad edilib. Çıxış edənlər belə təşəbbüslərin milli yaddaşın qorunması, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və qəhrəmanlıq salnaməsinin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.

Tədbirdə çıxış edən tanınmış media nümayəndəsi və politoloq İnqilab Şirinli vətənpərvərlik mövzusunda hazırlanan sənədli filmlərin milli şüurun formalaşmasında mühüm rol oynadığını qeyd edib. O bildirib ki, Natiq Qasımov kimi qəhrəmanların həyat yolunun cəmiyyətə, xüsusilə də gənc nəslə sistemli şəkildə çatdırılması böyük əhəmiyyət kəsb edir.

EL TV-nin redaktoru Elgiz Mahmud çıxışında filmin bədii və sənədli dəyərinə toxunaraq ekran əsərinin tarixi faktların dürüst təqdimatı və şahid xatirələrinin dəqiq ifadəsi ilə fərqləndiyini vurğulayıb. O, filmin hazırlanması prosesində arxiv materiallarının toplanması, çəkiliş və montaj mərhələlərinin yüksək peşəkarlıq tələb etdiyini qeyd edib.

Milli Qəhrəmanın qardaşı Nofəl Qasımov ailə adından çıxış edərək Natiq Qasımovun xatirəsinə göstərilən diqqət və ehtirama görə təşkilatçılara təşəkkürünü bildirib. O vurğulayıb ki, qəhrəmanın Vətən sevgisi, döyüş meydanında nümayiş etdirdiyi iradə və ləyaqət yalnız ailəsi üçün deyil, bütün xalq üçün qürur mənbəyidir. Nofəl Qasımov qəhrəmanların xatirəsinin yaşadılmasının gələcək nəsillər üçün mühüm tarixi məsuliyyət olduğunu qeyd edib.

Layihə rəhbəri Ayişə Hacıyeva çıxışında filmin ərsəyə gəlmə məqsədi haqqında məlumat verərək Natiq Qasımovun Qarabağ müharibəsi zamanı nümayiş etdirdiyi igidliyin hərb tarixində xüsusi yer tutduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, ekran əsəri yalnız bir qəhrəmanın həyat yolunu deyil, həm də Azərbaycan xalqının azadlıq iradəsini, dövlətçilik ruhunu və milli ləyaqətini əks etdirən sənədli mənbə kimi əhəmiyyət daşıyır.

Layihənin koordinatoru Aynur Quliyeva çıxışında filmin hazırlanma prosesi haqqında danışaraq qeyd edib ki, layihə çərçivəsində arxiv materiallarının toplanması, şahid ifadələrinin dəqiqləşdirilməsi, ssenari xəttinin qurulması və montaj mərhələləri xüsusi diqqət və peşəkarlıq tələb edib. O bildirib ki, filmin gələcəkdə daha geniş auditoriyaya, o cümlədən beynəlxalq platformalara təqdim olunması planlaşdırılır.

Natiq Qasımov adına 4 nömrəli məktəbin direktor müavini Günel Nurəddinova çıxışında qəhrəmanın adını daşıyan məktəbdə şagirdlərin bu irsi böyük fəxrlə daşıdıqlarını və təhsil müəssisəsində aparılan tərbiyəvi fəaliyyətlərin vətənpərvərlik, dövlətçilik dəyərləri və tarixi yaddaşın qorunması prinsipləri əsasında qurulduğunu bildirib. Onun sözlərinə görə, bu kimi sənədli filmlər gənclərdə milli kimlik və vətənpərvərlik hissinin formalaşmasına mühüm təsir göstərir.

Qeyd edək ki, təqdimatı keçirilən sənədli film Natiq Qasımovun Qarabağ müharibəsi zamanı göstərdiyi igidliyi, düşmən mühasirəsində təkbaşına apardığı mübarizəni və əsir düşdüyü an belə nümayiş etdirdiyi əyilməz iradəni arxiv materialları və şahid xatirələri əsasında əks etdirir. Ekran əsəri Azərbaycanın hərb tarixinin şanlı səhifələrini vizuallaşdırmaqla yanaşı, gənc nəsildə qəhrəmanlıq ruhunun aşılanması və milli şüurun möhkəmləndirilməsi məqsədi daşıyır.

Tədbirin sonunda sənədli film nümayiş olunub və iştirakçılar tərəfindən böyük maraq və ehtiramla qarşılanıb. Qonaqlar bu kimi layihələrin davamlı şəkildə həyata keçirilməsinin qəhrəmanların xatirəsinin yaşadılması və milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.