Mingəçevir Dövlət Universitetinin nümayəndələri “Qayıdışın Könüllü səsi” layihəsi çərçivəsində ADPU-nun Şəki filialında keçirilən forumda iştirak ediblər

  • Рубрика записиMDU xəbərləri

2026-cı ilin 6 mart tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Qayıdışın KÖNÜLLÜ səsi” layihəsi çərçivəsində könüllülük mövzusuna həsr olunmuş forum keçirilib. Tədbir Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə, “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan edilmiş qrant müsabiqəsi əsasında həyata keçirilən layihənin növbəti mərhələsi kimi təşkil olunub.

Forumun əsas məqsədi gənclərin hüquqi biliklərinin artırılması, onların ictimai fəallıq, könüllülük və təşəbbüskarlıq potensialının gücləndirilməsi, regionlar üzrə gənclər arasında şəbəkələşmənin inkişaf etdirilməsi və davamlı əməkdaşlıq mühitinin formalaşdırılması olub. Tədbir gənclərin ictimai proseslərdə daha aktiv iştirakına şərait yaradan mühüm platforma kimi qiymətləndirilib.

Forum zamanı iştirakçılar könüllülük fəaliyyətinin cəmiyyət üçün əhəmiyyəti, sosial məsuliyyət anlayışı, təşəbbüskar gənclərin ictimai həyatda rolu və regionlararası əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparıblar. Açıq müzakirə formatında keçirilən sessiyalar çərçivəsində tələbələr öz ideyalarını bölüşərək gələcək təşəbbüslər üçün mümkün istiqamətləri müzakirə ediblər.

Tədbirdə çıxış edən ADPU-nun Şəki filialının Karyera Mərkəzinin müdiri Xuraman Həmidova gənclərin könüllülük fəaliyyətinə sistemli şəkildə cəlb olunmasının onların həm fərdi inkişafı, həm də cəmiyyətə faydalı vətəndaş kimi formalaşması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Mingəçevir Dövlət Universitetinin layihələr üzrə koordinatoru Aynur Quliyeva çıxışında layihənin ideya mahiyyətindən bəhs edərək qeyd edib ki, “Qayıdışın KÖNÜLLÜ səsi” təşəbbüsü gənclərdə ictimai məsuliyyət hissinin formalaşdırılması, hüquqi maarifləndirmə və vətəndaş fəallığının artırılması istiqamətində mühüm rol oynayır. Onun sözlərinə görə, regionlararası gənclər şəbəkəsinin qurulması gələcək sosial təşəbbüslərin həyata keçirilməsi üçün yeni imkanlar yaradır.

Mingəçevir STEAM Mərkəzinin koordinatoru Müşfiq Tarverdiyev çıxışında müasir dövrdə gənclərin yalnız nəzəri biliklə deyil, təşəbbüskarlıq, əməkdaşlıq və problem həll etmə bacarıqları ilə də seçilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, könüllülük fəaliyyəti gənclərdə sosial məsuliyyət və liderlik keyfiyyətlərinin inkişafına mühüm töhfə verir.

MDU-nun müəllimi Nərgiz Niftəliyeva çıxışında bu tip müzakirə platformalarının tələbələrin öz fikirlərini sərbəst ifadə etməsi, ictimai təşəbbüslərə münasibət formalaşdırması və komanda daxilində qərarvermə bacarıqlarını inkişaf etdirməsi baxımından əhəmiyyətini qeyd edib.

Tədbirdə çıxış edən MDU-BİR Könüllü Təşkilatının sədri, layihə rəhbəri Qorxmaz Rəhimli layihənin əsas məqsəd və hədəflərindən danışaraq aktiv gənclər arasında əlaqələrin gücləndirilməsinin, könüllülük fəaliyyətinə sistemli yanaşmanın təşviqinin və sosial təsir yaradan təşəbbüslərin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb.

Forumun sonunda iştirakçılar könüllülüyün müasir gənclər üçün yalnız ictimai fəaliyyət forması deyil, həm də şəxsi inkişaf, sosial əlaqələrin qurulması və vətəndaş mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Tədbir çərçivəsində səsləndirilən fikir və təkliflərin gələcək layihələr və regionlararası əməkdaşlıq təşəbbüsləri üçün əhəmiyyətli baza təşkil etdiyi bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Qayıdışın KÖNÜLLÜ səsi” layihəsi gənclərin ictimai fəallığının artırılması, könüllülük mədəniyyətinin təşviqi və regionlararası gənclər əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə müxtəlif bölgələrdə silsilə tədbirlərin təşkilini nəzərdə tutur.