Mingəçevir Dövlət Universitetinin tələbələri və müəllimləri “Davamlı Kənd Təsərrüfatı və Aqroekoloji Yanaşmalar” mövzusunda elmi ekspedisiya təşkil edərək praktik araşdırmalar apardılar. Ekspedisiya çərçivəsində Ağdaş rayonunda yerləşən “İcra Bağları” sahibkar təsərrüfatına səfər edildi.
Fizika-Ekologiya kafedrasının təşkilatçılığı ilə həyata keçirilən ekspedisiyada Ekologiya və Biologiya ixtisası üzrə tələbələr və kafedranın müəllim heyəti iştirak edirdi. Tələbələr kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi, torpaq və su resurslarının səmərəli istifadəsi, eləcə də ətraf mühitə təsirin minimuma endirilməsi prinsipləri ilə yaxından tanış oldular.
Təsərrüfatın rəhbəri, aqronom-fermer Elvin Atakişiyev “Kənd Təsərrüfatı Bitkilərinə və Meyvə Bağlarına Aqrotexniki Qulluq” mövzusunda seminar keçirərək tələbələrə praktik tövsiyələr verdi və müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi ilə bağlı məlumat paylaşdı.
Ekspedisiya tələbələrə elmi biliklərini praktik sahədə tətbiq etmək, aqroekoloji problemləri öyrənmək və dayanıqlı kənd təsərrüfatı sahəsində təcrübə qazanmaq imkanı yaratdı. Mingəçevir Dövlət Universiteti bu cür təşəbbüslərin gənc tədqiqatçıların peşəkar inkişafı və elmi fəaliyyətlərə marağının artırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.