Mingəçevir Dövlət Universitetinin həyətində və ətraf ərazilərində yerləşən yaşıllıq sahələrinin daha səmərəli və qənaətli sulanması məqsədilə müasir damcı üsulu suvarma sistemi quraşdırılmışdır.
Quraşdırılan avadanlıqların əsas məqsədi sudan qənaətli istifadəni təmin etmək və universitetin bağ və yaşıllıq ərazilərindən maksimum məhsuldarlıq əldə etməkdir. Yeni sistem sayəsində suvarma prosesi daha səmərəli və idarəolunan formada həyata keçiriləcək, su itkisi minimuma endiriləcəkdir.
Qeyd olunur ki, görülən işlərin nəticəsi olaraq aylıq su sərfiyyatında qənaət təmin olunacaq və yaşıllıq sahələrinin davamlı və sağlam inkişafına şərait yaradılacaqdır. Eyni zamanda, bu təşəbbüs universitetin ekoloji və davamlı inkişaf strategiyasına uyğun olaraq ətraf mühitin qorunmasına və tədris mühitinin estetik görünüşünün yaxşılaşdırılmasına töhfə verir.
Mingəçevir Dövlət Universiteti rəhbərliyi və əməkdaşları tərəfindən həyata keçirilən bu yenilik, universitetin həyət və bağlarının gözəlliyini qorumaqla yanaşı, tələbələr və işçilər üçün daha komfortlu və sağlam mühitin yaradılmasına xidmət edir.