Mingəçevir Dövlət Universiteti üçün Strateji Mərhələ: Orta Doğu Texniki Universiteti ilə Tərəfdaşlıq

  • Рубрика записиMSU News

2025-ci il dekabrın 17-də Mingəçevir Dövlət Universiteti ilə Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Orta Doğu Texniki Universiteti arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu (MoU) imzalanıb.

Səfər çərçivəsində MDU-nun rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada ODTÜ-də olub. Nümayəndə heyəti ODTÜ-nün rektoru professor Ahmet Yozgatlıgil tərəfindən qəbul edilib. Görüş zamanı tərəflər ali təhsil sahəsində mövcud çağırışlar, qlobal akademik trendlər, universitetlərarası əməkdaşlığın müasir modelləri və qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında fikir mübadiləsi aparıblar.

Professor Ahmet Yozgatlıgil nümayəndə heyətini salamlayaraq universitetlərarası əməkdaşlığın elmi tədqiqatların inkişafı və innovativ bilik mübadiləsi baxımından mühüm rol oynadığını qeyd edib. O vurğulayıb ki, imzalanmış memorandum Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək. Həmçinin bildirib ki, ODTÜ-nün güclü tədqiqat infrastrukturu və akademik potensialı birgə layihələrin, elmi nəşrlərin, akademik mübadilə proqramlarının və digər əməkdaşlıq təşəbbüslərinin həyata keçirilməsi üçün əlverişli şərait yaradır.

Rektor Anar Eminov MDU-nun beynəlmiləlləşmə strategiyası haqqında məlumat verərək son illərdə elm və tədqiqat sahəsində dayanıqlı inkişafın prioritet istiqamət kimi müəyyənləşdirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, müasir tədris və idarəetmə yanaşmalarının tətbiqi, rəqəmsallaşmanın genişləndirilməsi və innovasiyaya əsaslanan təşəbbüslərin təşviqi kontekstində ODTÜ ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Rektor həmçinin beynəlxalq səviyyədə tanınan tədqiqat universiteti ilə əməkdaşlığın MDU-nun akademik potensialının güclənməsinə, birgə elmi layihələrin icrasına və tələbə-müəllim heyəti üçün yeni beynəlxalq imkanların yaradılmasına mühüm töhfə verəcəyini bildirib.

Görüşün sonunda MDU ilə ODTÜ arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd institusional əməkdaşlıq üçün ümumi çərçivə rolunu oynayır və gələcəkdə fakültə, institut və digər struktur bölmələr səviyyəsində konkret sazişlərin bağlanması üçün əsas yaradır.

Memoranduma əsasən, əməkdaşlıq tələbə və akademik heyət mübadilə proqramlarını, birgə elmi-tədqiqat layihələrini, magistrant və doktorantlara birgə elmi rəhbərliyi, konfrans və akademik tədbirlərin təşkilini, tədqiqat laboratoriyalarının yaradılmasını, akademik material və məlumat mübadiləsini, eləcə də qısamüddətli ixtisaslaşdırılmış təhsil proqramlarının həyata keçirilməsini əhatə edir.

İlkin mərhələdə 2025–2026-cı tədris ilindən etibarən tələbə mübadilə proqramının başlanması planlaşdırılır. Proqram çərçivəsində hər iki universitetdən hər il iki tələbənin qarşılıqlı mübadiləsi həyata keçiriləcək.

Memorandum həmçinin müəllim heyətinin qısamüddətli və uzunmüddətli akademik səfərlərini, onların tədris və elmi fəaliyyətlərdə iştirakını da nəzərdə tutur. Tərəflər akademik dürüstlük, bərabər imkanlar, ayrı-seçkiliyin yolverilməzliyi və şəxsi məlumatların qorunması prinsiplərinə sadiqliklərini bir daha təsdiqləyiblər.

İmzalanmış Anlaşma Memorandumu MDU-nun beynəlmiləlləşmə strategiyasının mühüm tərkib hissəsidir və universitetin qabaqcıl beynəlxalq ali təhsil və tədqiqat müəssisələri ilə əməkdaşlığının genişləndirilməsinə xidmət edir.