Ortaq mədəni irs və akademik əməkdaşlıq dəyərləri fonunda iştirak: Mingəçevir Dövlət Univeristeti VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında təmsil olunur

  • Рубрика записиMSU News

2026-cı il 22 may tarixində 5 gün davam edəcək VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Mingəçevir Dövlət Universiteti rektor Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti və xüsusi guşə ilə iştirak edir. Elmlər Akademiyasının parkında təşkil olunan beynəlxalq festival türk dünyasının ortaq ədəbi-mədəni dəyərlərinin təşviqi, elm və təhsil əməkdaşlığının inkişafı baxımından mühüm platforma kimi rol oynayır.

Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə keçirilən festivalda universitetin sərgi guşəsində MDU-nun alimlərinin kitabları, elmi nəşrləri, müəllim və tələbələrin layihələri, universitetin beynəlxalq əməkdaşlıq istiqamətləri, eləcə də dayanıqlı inkişaf məqsədləri çərçivəsində həyata keçirilən fəaliyyətləri barədə məlumatlar təqdim olunub.

Festivalın açılış mərasimində çıxış edənlər türk dünyasında ortaq mədəni irsin qorunmasının, kitab mədəniyyətinin təşviqinin və gənc nəslin maarifləndirilməsinin vacibliyini vurğulayıblar. Tədbir çərçivəsində Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Macarıstan və Şimali Kipr Türk Respublikasından alimlər, yazıçılar, naşirlər və ictimai xadimlər iştirak edirlər.

Festival günləri ölkələr üzrə xüsusi mövzu konsepsiyası əsasında təşkil olunması planlaşdırılır. Proqram çərçivəsində şeir saatları, kitab təqdimatları, elmi konfranslar, panel müzakirələri, film nümayişləri və konsert proqramları keçiriləcək, həmçinin türk dünyasının görkəmli ədiblərinin yubileyləri qeyd olunmaqdadır.

Universitet nümayəndələri festival çərçivəsində müxtəlif ali təhsil müəssisələri, nəşriyyatlar və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirərək gələcək əməkdaşlıq imkanlarını müzakirə edilir.

Qeyd edək ki, MDU-nun festivaldakı iştirakı universitetin açıq akademik mühitin formalaşdırılması, beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi və sosial-mədəni dəyərlərin təşviqinə verdiyi töhfənin növbəti nümunəsi kimi qiymətləndirilir.