Mingəçevir Dövlət Universitetində imtahan sessiyası başlayıb: Rektor Anar Eminov tələbələr üçün yaradılan şəraitlə tanış olub

  • Рубрика записиMSU News

2026-cı ilin 1 iyun tarixində Mingəçevir Dövlət Universitetində 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib.

İmtahan sessiyasının ilk günündə universitetin rektoru Anar Eminov imtahan prosesini izləyib, auditoriyalarda yaradılan şəraitlə tanış olub və imtahanların təşkili ilə bağlı görülən işləri yerində qiymətləndirib.

Rektor imtahanların şəffaf, obyektiv və müasir tələblərə uyğun keçirilməsinin universitet rəhbərliyinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Bildirilib ki, tələbələrin bilik və bacarıqlarının ədalətli qiymətləndirilməsi, akademik dürüstlük prinsiplərinə əməl olunması və əlverişli imtahan mühitinin təmin edilməsi istiqamətində bütün zəruri tədbirlər həyata keçirilib.

İmtahan prosesinin təşkili zamanı rəqəmsal həllərdən və müasir texnoloji imkanlardan istifadə olunması qiymətləndirmənin operativliyinin və etibarlılığının artırılmasına xidmət edir. Tələbələrin rahatlığı, təhlükəsizliyi və akademik uğurlarının dəstəklənməsi məqsədilə universitetdə uyğun infrastruktur və təşkilati mexanizmlər formalaşdırılıb.

Anar Eminov imtahan sessiyasının uğurla keçirilməsi üçün professor-müəllim heyətinə və inzibati əməkdaşlara təşəkkürünü bildirib, tələbələrə isə imtahanlarda uğurlar arzulayıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası 2026-cı il 3 iyul tarixinədək davam edəcək. Sessiya çərçivəsində ümumilikdə 1013 imtahanın keçirilməsi nəzərdə tutulur.

Təhsilin keyfiyyətinin davamlı yüksəldilməsi, şəffaf və tələbəyönümlü idarəetmə modelinin inkişaf etdirilməsi, eləcə də beynəlxalq standartlara uyğun akademik mühitin formalaşdırılması Mingəçevir Dövlət Universitetinin strateji inkişaf prioritetləri sırasında mühüm yer tutur.