Mingəçevir Dövlət Universitetində insan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunmuş elmi-praktik seminar keçirilib

  • Рубрика записиMSU News

2026-cı ilin 24 fevral tarixində Mingəçevir Dövlət Universitetində “İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli təmin olunması məqsədilə Milli Fəaliyyət Proqramı, hüquq və azadlıqların pozulmasının qarşısının alınması” mövzusunda elmi-praktik seminar keçirilib.

Seminarın məqsədi insan hüquq və azadlıqlarının qorunması, hüquqi maarifləndirmənin gücləndirilməsi, cəmiyyətdə hüquq pozuntularına qarşı ictimai həssaslığın artırılması və dövlət proqramlarının icrası istiqamətində elmi müzakirələrin aparılması olub.

Tədbiri MDU-nun sosial məsələlər üzrə rektor müşaviri Elvin Məmmədzadə moderasiya edib. Açılış zamanı insan hüquq və azadlıqlarının təmin edilməsinin hüquqi dövlət quruculuğunda mühüm rol oynadığı vurğulanıb.

Seminarda MDU-nun hüquqşünası Polad Atayev “İnsan və vətəndaşın konstitusion hüquq və azadlıqları, növləri və müdafiəsinin səmərəli təmin edilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə insan hüquqlarının hüquqi əsasları, onların müdafiə mexanizmləri və hüquqi maarifləndirmənin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

MDU-nun Təhsil fakültəsinin dekan müavini, fəlsəfə doktoru Aygün Qədirova “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası işinin davam etdirilməsi” mövzusunda çıxış edərək Böyük Qayıdış prosesinin sosial-humanitar aspektlərini diqqətə çatdırıb.

Pedaqogika və psixologiya kafedrasının müəllimi Nərgiz Niftəliyeva “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri barədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” mövzusunda təqdimatla çıxış edib. Məruzədə erkən və qohumlararası nikahların sosial, psixoloji və hüquqi nəticələri müzakirə olunub.

Pedaqogika və psixologiya kafedrasının müəllimi Aydın Kərimov isə “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026–2028-ci illər Milli Fəaliyyət Planının təbliği” mövzusunda məruzə ilə çıxış edərək gender bərabərliyinin insan hüquqlarının ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb.

Tədbir çərçivəsində mövzuya dair videoçarx nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.

Seminar insan hüquq və azadlıqlarının qorunması, hüquqi maarifləndirmənin genişləndirilməsi və sosial məsuliyyət dəyərlərinin təşviqi istiqamətində universitetdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi iştirakçılar tərəfindən maraqla qarşılanıb.