“Cyber Summer School 2026” çərçivəsində voleybol turniri keçirilib

  • Рубрика записиСпорт

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə Mingəçevir şəhərində keçirilən V “Cyber Summer School 2026” kiber yay düşərgəsi çərçivəsində iştirakçılar arasında voleybol turniri təşkil olunub.

Turnir AKTA, Mingəçevir Dövlət Universiteti və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Yarışın əsas məqsədi iştirakçılar arasında komanda ruhunun gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması, eləcə də düşərgə iştirakçıları arasında əməkdaşlıq və qarşılıqlı ünsiyyətin inkişafına töhfə vermək olub.

Maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə komandalar yüksək əzmkarlıq və komanda işi nümayiş etdiriblər. Yarışın yekununda ilk üç yeri tutan komandalara medal və diplomlar təqdim olunub.

Qeyd edək ki, V “Cyber Summer School 2026” kiber yay düşərgəsi çərçivəsində kibertəhlükəsizlik üzrə nəzəri və praktiki təlimlərlə yanaşı, iştirakçıların fiziki və sosial inkişafını dəstəkləyən müxtəlif idman və komanda fəaliyyətləri də təşkil olunur. Bu cür tədbirlər gənclər arasında sağlam həyat tərzinin təşviqinə, liderlik və əməkdaşlıq bacarıqlarının inkişafına, həmçinin düşərgə iştirakçıları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.