Mingəçevir Dövlət Universitetində “Süni İntellekt, Maşın Öyrənmə və Dərin Öyrənmənin Yol Xəritəsi” Moduluna Start Verildi

  • Рубрика записиMDU xəbərləri

11 fevral 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetində keçirilən 5 günlük beynəlxalq təlim proqramının üçüncü modulu uğurla həyata keçirilmişdir. “Süni intellekt, maşın öyrənmə və dərin öyrənmənin yol xəritəsi” mövzusuna həsr olunmuş modul ali təhsil sistemində süni intellekt texnologiyalarının mərhələli şəkildə mənimsənilməsi, maşın öyrənmə və dərin öyrənmə sahəsində fundamental biliklərin formalaşdırılması və praktik bacarıqların inkişaf etdirilməsi məqsədini daşıyır. Təlim nəzəri izahlarla yanaşı praktiki simulyasiya mərhələləri ilə zənginləşdirilmişdir.

Modulun moderatoru İnformasiya texnologiyaları kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Aidə Mustafayeva olmuşdur. Təlim onlayn formatda Microsoft Teams platforması üzərindən keçirilmiş, sessiyalar Azərbaycan vaxtı ilə 11:00 və 15:00, Türkiyə vaxtı ilə isə 10:00 və 14:00-da başlamışdır. Təlimdə 87 nəfər iştirak etmişdir.

Günün ilk sessiyasında Kahramanmaraş İstiklal Üniversitesi-nin professoru Dr. Muhammed Ali Koşan süni intellektin əsas anlayışları və tətbiq sahələri, maşın öyrənmənin prinsipləri və əsas alqoritmləri, məlumatların hazırlanması və kiçik həcmli maşın öyrənmə layihələrinin qurulması mövzusunda geniş təqdimatla çıxış etmişdir. Nəzəri izahlarla yanaşı, tətbiqi nümunələr əsasında real modellərin qurulması mexanizmləri nümayiş etdirilmişdir. Saat 12:00–12:30 aralığında keçirilən praktiki simulyasiya mərhələsində iştirakçılar real verilənlər üzərində maşın öyrənmə modellərinin qurulması və tətbiqi üzrə tapşırıqları icra etmişlər.

Günün ikinci sessiyası “Dərin öyrənmə, tədris tətbiqləri və etik aspektlər” mövzusuna həsr olunmuşdur. Sessiya çərçivəsində dərin öyrənməyə giriş, neyron şəbəkələrinin əsasları, süni intellekt modellərinin tədris prosesində tətbiqi və praktiki simulyasiya nümunələri, eləcə də AI-nin etik və strateji aspektləri geniş müzakirə edilmişdir. Saat 16:00–16:30 aralığında keçirilən praktiki hissədə iştirakçılar neyron şəbəkə modellərinin tətbiqi və tədris mühitinə inteqrasiyası üzrə interaktiv fəaliyyətlər həyata keçirmişlər.

Ümumilikdə, beynəlxalq təlim proqramının üçüncü modulu ali təhsildə süni intellekt sahəsində müasir elmi yanaşmaların paylaşılması, müəllim və tədqiqatçıların fundamental və tətbiqi biliklərinin möhkəmləndirilməsi və elmi-praktiki bacarıqların artırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Təlim proqramı növbəti modullarla davam etdirilərək VR/AR texnologiyaları, simulyasiya və interaktiv məzmunun hazırlanması istiqamətində müzakirələrlə zənginləşdiriləcəkdir.