Universitetdən biznes mühitinə açılan yeni imkanlar: MDU və AKİAB arasında Memorandum imzalanıb

2026-cı ilin 7 iyun tarixində Mingəçevir Dövlət Universiteti ilə Azərbaycan Korporativ İdarəetmə Assosiasiyası İctimai Birliyimi arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Mingəçevir Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova və AKİAB-ın İdarə Heyətinin sədri Vəfadar Babayev imzalayıblar.

İmzalanan sənəd ali təhsil, korporativ idarəetmə mədəniyyəti, biznes-təhsil əməkdaşlığı, sahibkarlıq ekosistemi və insan kapitalının inkişafı istiqamətində qarşılıqlı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Memoranduma əsasən, tərəflər korporativ idarəetmə, biznes etikası, liderlik, strateji idarəetmə, layihə idarəetməsi və təşkilati inkişaf üzrə birgə təlim, seminar və maarifləndirici proqramların təşkilini planlaşdırırlar. Eyni zamanda MDU tələbələrinin iş dünyası, sahibkarlıq ekosistemi, B2B və B2G əməkdaşlıq mexanizmləri haqqında praktiki biliklərinin artırılması, tələbə və məzunların karyera imkanlarının dəstəklənməsi əsas əməkdaşlıq istiqamətləri sırasında yer alır.

Əməkdaşlıq çərçivəsində AKİAB-ın tərəfdaş şirkətləri ilə MDU arasında təcrübə, mentorluq, karyera günləri, ofis ziyarətləri və peşəkar inkişaf tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Həmçinin tələbə startapları, innovasiya layihələri və sahibkarlıq təşəbbüslərinin biznes nümayəndələri ilə əlaqələndirilməsi, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi və birgə tədqiqat, analitik material və tövsiyələrin hazırlanması planlaşdırılır.

Bu əməkdaşlıq MDU-nun strateji inkişaf hədəflərinə uyğun olaraq regional biznes mühitinin inkişafına, dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat təşəbbüslərinin dəstəklənməsinə, akademik mühitlə biznes icması arasında faydalı əlaqələrin qurulmasına töhfə verəcək.