Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) Mingəçevir Dövlət Universitetində karyera mərkəzinin yaradılmasına dəstək göstərəcək

  • Рубрика записиXəbərlər (AZ)

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) Mingəçevir Dövlət Universitetində karyera mərkəzinin yaradılmasına dəstək göstərəcək

 

Mingəçevir Dövlət Universiteti (MDU) ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Bakı nümayəndəliyi arasında əməkdaşlıq çərçivəsində “MDU-da Karyera Mərkəzinin yaradılması və inkişafı” Layihəsinin icrasına start verilib. GIZ tərəfindən maliyyələşdirilən Layihə çərçivəsində MDU-da yaradılacaq Karyera Mərkəzinin bütün zəruri ofis avadanlıqları ilə təchiz olunması və yeni struktur bölmənin fəaliyyətinin təşkilinə texniki yardım göstərilməsi nəzərdə tutulub.

İlkin layihə ideyalarının müzakirəsi məqsədilə GIZ Bakı nümayəndələrinin əməkdaşları ilə görüşən MDU-nun rektoru Şahin Bayramov tədrisin məzmununun təkmilləşdirilməsi və sürətlə dəyişən əmək bazarının tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssis yetişdirilməsinin hazırda modernləşmə mərhələsində olan universitetin əsas prioritetləri sırasında olduğunu bildirib. Ş.Bayramov sözügedən layihə çərçivəsində yaradılacaq Karyera Mərkəzinin əsas məqsədinin əmək bazarında rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, karyera seçimi və məşğulluq problemlərinin həlli, işəgötürənlərlə əlaqələrin yaradılması, ali təhsilin növbəti səviyyələrində təhsilin davam etdirilməsi və karyera inkişafı kimi vacib məsələlərdə təhsilalanlara və məzunlara köməklik göstərilməsindən ibarət olduğunu vurğulayıb.

Layihənin icrası məqsədilə GIZ tətəfindən elan olunmuş tenderin qalibi Career Guide şirkəti olub. Layihənin ekspertləri əsasən xaricdə təhsil almış və karyera inkişafı sahəsində ixtisaslaşan gənc mütəxəssislərdir.

Artıq Layihənin icrasına start verilib. İlkin mərhələdə universitetin gözləntiləri və istəklərinin öyrənilməsi, kadr potensialının müəyyənləşdirilməsi və mövcud vəziyyətin dəyərləndirilməsi üçün ehtiyacların qiymətləndirilməsi (needs assesment) işləri aparılıb. Bu məqsədlə, MDU-nun bir qrup akademik və inzibati heyət üzvləri, tələbə, magistrant, doktorant, məzun və valideynlər arasında online formatda müsahibə və sorğular keçirilib.

Layihənin növbəti mərhələsində MDU-nun Karyera Mərkəzinin gələcək heyət üzvlərinin potensialının inkişaf etdirilməsi, karyera bələdçiliyi sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə təlim proqramının tərtib edilməsi, həmin proqram üzrə online formatda təlimlərin keçirilməsi planlaşdırılıb. Paralel olaraq, Karyera Mərkəzinin 2021-2022-ci illər üzrə Strategiyası (yol xəritəsi) layihəsinin hazırlanması, layihə müddətində və sözügedən Strategiyanın reallaşdırılması dövründə Karyera Mərkəzinin işçi heyətinə konsaltinq dəstəyinin (follow-up consultancy) göstərilməsi, “Karyera məsləhətçisi” kitabçasının (Career consultant handbook) hazırlanması, monitorinq və qiymətləndirmə işlərinin aparılması nəzərdə tutulub.

Karyera Mərkəzinin 2021-2022-ci illər üzrə Strategiyası əsasən aşağıdakı istiqamətləri əhatə edəcəkdir: Tələbə, magistrant və doktorantların elektron məlumat bazasının formalaşdırılması; Karyera Mərkəzinin internet portalının yaradılması və idarə edilməsi; Tələbə və məzunlar üçün əmək yarmarkalarının keçirilməsi; İstehsalat və pedaqoji təcrübələrin təşkil edilməsi; Müvafiq mövzular üzrə analitik qruplar yaradılması; Tələbələrin potensialının inkişaf etdirilməsi; Tələbə və magistrantlar üçün biznes və startap inkubasiya mexanizmlərinin hazırlanması; Konsaltinq xidmətləri göstərilməsi; Müxtəlif mövzularda layihələrin hazırlanması və icra edilməsi.

Qeyd etmək lazımdır ki, “MDU-da Karyera Mərkəzinin yaradılması və inkişafı” Layihəsi GIZ tərəfindən həyata keçirilən “Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi, sosial inkişafı” (EPIC) proqramı çərçivəsində dəstəklənir. Layihə çərçivəsində Mingəçevir Asan Peşə Məktəbində də analoji mərkəzin yaradılması nəzərdə tutulub.