Mingəçevir Dövlət Universitetində Alman Akademik Mübadilə Xidməti – DAAD tərəfindən Almaniyada təhsil və təqaüd imkanlarına həsr olunmuş infosessiya keçirilib.
Tədbirdə Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən DAAD-ın alman dili müəllimi Klaudio Kasperl çıxış edərək Almaniyanın ali təhsil sistemi, müraciət prosedurları və beynəlxalq tələbələr üçün mövcud akademik imkanlar barədə ətraflı məlumat verib. O, həmçinin DAAD-ın fəaliyyəti, təqaüdlü yay kursları, eləcə də magistratura səviyyəsi üzrə təqaüd proqramları, seçim meyarları və maliyyələşmə imkanlarını iştirakçıların diqqətinə çatdırıb.
İnfosessiya zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb, Almaniyada təhsil almaq istəyən gənclər üçün praktiki tövsiyələr verilib. Tədbir xüsusilə bakalavr və magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də tədqiqatla məşğul olan gənc müəllimlər üçün faydalı olub .
Qeyd edək ki, bu kimi maarifləndirici tədbirlər tələbələrin beynəlxalq təhsil imkanları barədə məlumatlılığının artırılmasına və onların qlobal akademik mühitə inteqrasiyasına mühüm töhfə verir.