Amerikalı professor Mingəçevir Dövlət Universitetində təlim keçib

  • Рубрика записиXəbərlər (AZ)

Amerikalı professor Mingəçevir Dövlət Universitetində təlim keçib

ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “English Language Fellow” təqaüd proqramı çərçivəsində cari tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən ingilis dili mütəxəssisi Richard Schlight Mingəçevir Dövlət Universitetində (MDU) olub.

Qonaqla görüşən MDU-nun rektoru Şahin Bayramov ona universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri və universitetin əsas hədəfləri barədə məlumat verib. “Xarici dil müəllimliyi (İngilis dili üzrə)” proqramı çərçivəsində tədrisin məzmununun təkmilləşdirilməsinə çalışdıqlarını bildirən Ş.Bayramov bu proqram üzrə akademik heyətin bilik və bacarıqlarının inkişaf etdirilməsi ehtiyacları barədə danışıb.

Özü haqqında məlumat verən Amerikalı qonaq ingilis dilinin tədrisi sahəsində tətbiq olunan müasir texnologiyalar və akademik yazı imkanlarının artırılması istiqamətində aparıcı universitetlərdə həyata keçirilən tədbirlər haqqında fikirlərini bölüşüb.

Oxşar fikirlər MDU-nun inzibati heyəti ilə keçirilən görüşdə də səsləndirilib.

Növbəti gün qonaq MDU-nun ingilis dili müəllimlərinə qabaqcıl tədris metodları, auditoriyanın idarə edilməsində diqqət yetirilməli olan məsələlər, tələbələrlə işin təşkili xüsusiyyətləri, ingilis dilini daha yaxşı mənimsəmənin yolları mövzularında seminar keçib. Qonaq seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Daha sonra mütəxəssis MDU-da “Xarici dil müəllimliyi (İngilis dili üzrə)” proqramında təhsil alan tələbələr və magistrantlar üçün master-klass keçib. Maraqlı diskussiyalarla müşahidə olunan təlim tələbələrin yüksək marağına səbəb olub.

Qonaq MDU-da 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişilə də yaxından tanış olub. Ona akademik biliklərin qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün görülmüş işlər barədə məlumat verilib. Qonaq imtahan prosesində valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı, imtahan qərargahının və appelyasiya komissiyasının fəaliyyətində tələbələrin təmsil olunması, “açıq qapı” günlərinin keçirilməsi, eləcə də “qaynar xətt”, elektron poçt və rəy qutuları vasitəsilə daxil olan müraciətlərə operativ qaydada baxılması üçün yaradılan imkanlardan razılığını bildirib.

Amerikalı ingilis dili mütəxəssisinin MDU-da növbəti seminarlar keçməsinə dair ilkin razılıq əldə olunub.

{phocagallery view=category|categoryid=300|limitstart=0|limitcount=0}