Dayanıqlı şəhər vizyonu: Mingəçevir Dövlət Universiteti və Mingəçevir Bələdiyyəsi arasında yeni əməkdaşlıq mərhələsi

  • Рубрика записиMSU News

2025-ci il dekabrın 15-də Mingəçevir Dövlət Universiteti ilə Mingəçevir Bələdiyyəsi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb. Protokolu MDU-nun Keyfiyyət və Akkreditasiya şöbəsinin müdiri Azad Mirzəbəyov və Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov imzalayıb.

İmzalanmış sənəd tərəflər arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsini, xüsusilə şəhərin dayanıqlı inkişafı, ekoloji mühitin qorunması və ictimai maarifləndirmə istiqamətlərində birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.

Niyyət Protokoluna əsasən, tərəflər məişət və digər tullantıların düzgün idarə olunması, çeşidlənməsi və təkrar emalı sahəsində birgə layihələrin hazırlanması, şəhər ərazisində yaşıllıqların artırılması və yeni parkların salınması, ağacəkmə aksiyalarının təşkili, eləcə də ekoloji maarifləndirmə tədbirlərinin keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.

Eyni zamanda, sənəd çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində elmi-tədqiqat işlərinin aparılması, innovativ yanaşmaların tətbiqi, enerji səmərəliliyi və resurslardan qənaətli istifadə təşəbbüslərinin dəstəklənməsi, su ehtiyatlarının qorunması və səmərəli istifadəsi ilə bağlı birgə fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır.

Protokol könüllülük fəaliyyətlərinin təşviqini, tələbələrin sosial-ictimai layihələrə cəlb olunmasını və universitet–yerli özünüidarəetmə əməkdaşlığının praktik müstəvidə inkişafını da əhatə edir.

Qeyd edək ki, sənədə əsasən, tərəflər nəzərdə tutulan fəaliyyətlərin həyata keçirilməsi üçün zəruri təşkilati dəstəyi göstərəcək, qarşılıqlı məlumat mübadiləsi aparacaq və birgə layihələrin effektivliyinin artırılması istiqamətində səylərini birləşdirəcəklər.