Mingəçevir Dövlət Universitetində “Bir Paylaş, Bir Dəyiş” kampaniyası keçirilib

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetində tələbələr arasında sosial həmrəyliyin gücləndirilməsi, dayanıqlı həyat tərzinin təşviqi və paylaşım mədəniyyətinin formalaşdırılması məqsədilə “Bir Paylaş, Bir Dəyiş” adlı kampaniya təşkil olunub.

Universitetin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “CreArt” klubunun təşkilatçılığı ilə keçirilən kampaniya universitetin ikinci tədris korpusunun həyətində baş tutub. Tədbirdə tələbələr tərəfindən hazırlanmış müxtəlif şirniyyatlar, əl işləri və yaradıcı məhsullar nümayiş etdirilib.

Kampaniya çərçivəsində iştirakçılar özləri ilə gətirdikləri kitablar, rəsmlər, əl işləri və digər əşyalar vasitəsilə mübadilə prosesində fəal iştirak ediblər. Bu təşəbbüs tələbələr arasında paylaşım mədəniyyətinin inkişafına, resurslardan səmərəli istifadəyə və israfçılığın azaldılmasına töhfə verib.

Eyni zamanda tədbir tələbələrin yaradıcılıq potensialının üzə çıxarılması, sosial aktivliyinin artırılması və qeyri-formal öyrənmə mühitinin formalaşdırılması baxımından əhəmiyyətli olub. Kampaniya iştirakçıları həm öz bacarıqlarını nümayiş etdirmək, həm də yeni sosial əlaqələr qurmaq imkanı əldə ediblər.

“Bir Paylaş, Bir Dəyiş” kampaniyası dayanıqlı inkişaf prinsiplərinə uyğun olaraq məsuliyyətli istehlak və istehsal, sosial inklüzivlik və icma əsaslı təşəbbüslərin təşviqi baxımından mühüm nümunə kimi qiymətləndirilir. Mingəçevir Dövlət Universitetində bu kimi təşəbbüslərin davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.