Mingəçevir Dövlət Universitetinin Fizika və ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova tərəfindən “Torpaq çirklənməsi: sənaye və kənd təsərrüfatı mənbələri” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimdə məktəblilər iştirak ediblər. Tədbirin əsas məqsədi torpaq çirklənməsinin səbəbləri, onun ekosistemə və insan sağlamlığına təsirləri barədə məlumatlılığın artırılması, eləcə də ekoloji məsuliyyətin formalaşdırılması olub.
Təlim zamanı sənaye fəaliyyəti nəticəsində yaranan tullantıların, kimyəvi maddələrin və kənd təsərrüfatında istifadə olunan gübrə və pestisidlərin torpaq mühitinə təsiri ətraflı izah edilib. Eyni zamanda torpaq çirklənməsinin qarşısının alınması yolları, davamlı kənd təsərrüfatı yanaşmaları və ekoloji təhlükəsizlik tədbirləri barədə məlumat verilib.
İnteraktiv formatda təşkil olunan təlimdə iştirakçılar mövzu ətrafında suallar ünvanlayıb, müzakirələr aparıb və ətraf mühitin qorunmasında fərdi məsuliyyətin əhəmiyyətini daha yaxından dərk ediblər.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində ekoloji maarifləndirmə istiqamətində həyata keçirilən bu kimi təşəbbüslər gənc nəslin ekoloji düşüncə tərzinin formalaşdırılmasına, təbii resurslara həssas yanaşmanın təşviqinə və dayanıqlı gələcək üçün zəruri biliklərin aşılanmasına xidmət edir.