MDU tələbələri Mingəçevir Su Anbarı ərazisində iməcilik aksiyası keçiriblər

Mingəçevir Dövlət Universitetini Tələbə Gənclər Təşkilatı və Bir Könüllü Tələbə Təşkilatının üzvlərinin təşəbbüsü ilə Mingəçevir Su Anbarı ərazisində iməcilik aksiyası həyata keçirilib. Aksiyada universitetin tələbə könüllüləri fəal iştirak edərək ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüsə öz töhfələrini veriblər.

Aksiyanın əsas məqsədi ətraf mühitin mühafizəsinə diqqət çəkmək, gənclər arasında ekoloji məsuliyyət hissini gücləndirmək və təbiətin qorunmasına töhfə vermək olub. Tələbə könüllüləri su anbarının sahilboyu ərazilərində təmizlik işləri apararaq müxtəlif məişət tullantılarını toplayıb, ərazinin daha təmiz və səliqəli vəziyyətə gətirilməsi istiqamətində fəaliyyət göstəriblər.

Təşkil olunan aksiya gənclərin ekoloji maarifləndirilməsi və təbiətin mühafizəsi istiqamətində həyata keçirilən təşəbbüslərin təşviqinə xidmət edib. Bu kimi fəaliyyətlər tələbələrdə ekoloji şüurun formalaşmasına, onların ətraf mühitə həssas münasibətinin güclənməsinə və cəmiyyət üçün nümunə olacaq sosial təşəbbüslərin genişlənməsinə mühüm töhfə verir.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakını təşviq edən və ətraf mühitin qorunmasına yönəlmiş tədbirlərin keçirilməsi davamlı olaraq diqqət mərkəzində saxlanılır.