Mingəçevir Dövlət Universiteti (MDU)-da “Yaşıl həmrəylikdən təhlükəsiz gələcəyə doğru” ekoloji forumu yekunlaşıb

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetində (MDU) ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində mühüm tədbir – “Yaşıl Həmrəylikdən Təhlükəsiz Gələcəyə Doğru” Ekoloji Forum keçirilib. Forum Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mingəçevir Dövlət Universiteti və Mingəçevir regional “ASAN xidmət” Mərkəzinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi, Mingəçevir Regional Turizm İdarəsi və “Yaşıl ASAN” proqramının tərəfdaşlığı ilə baş tutub

Ekoloji Forum çərçivəsində universitetin tələbələrinin əl işlərindən ibarət sərgilər və könüllülük fəaliyyətlərini əks etdirən müxtəlif təşkilatların nümayişləri təşkil olunub. Bu sərgilərdə könüllülərin yaratdığı ekoloji və təbiət mövzulu sənət əsərləri, təkrar emal materiallarından hazırlanmış əl işləri və ekoloji maarifləndirməyə töhfə verən innovativ layihələr təqdim olunub. Tədbirdə yerli təşkilatlar və könüllülük fəaliyyəti sahəsində çalışan qurumlar da öz fəaliyyətlərini nümayiş etdiriblər, bu da ziyarətçilərə ekoloji sahədəki fərqli könüllülük təşəbbüsləri haqqında ətraflı məlumat əldə etməyə imkan yaradıb. Tədbirin proqramına uyğun olaraq ağacəkmə aksiyası həyata keçirilib.

Forum, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb,  Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların ruhuna ehtiram olaraq 1 dəqiqəlik sükutla yad edilib.

Forumun açılışında Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Dövlət Universitetinin rektor v.m.i.e  Üzeyir Zeynalov, Mingəçevir Regional ASAN Xidmət mərkəzinin direktoru Elxan Cəfərov və “Yaşıl ASAN” ekoloji proqramının rəhbəri Rza Mirzəzadə çıxış ediblər.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir şəhərində ekoloji tarazlığı təmin etmək və ətraf mühitin qorunmasına dəstək vermək üçün 15,000-ə yaxın ağacın əkildiyini bildirib. O, həmçinin şəhərdə ekoloji maarifləndirmənin gücləndirilməsi və yaşıl sahələrin artırılması istiqamətində həyata keçirilən tədbirləri vurğulayıb. İsmayılovun sözlərinə görə, bu addımlar gələcək nəsillərə daha sağlam və yaşıl bir şəhər miras qoymaq məqsədini daşıyır.

Mingəçevir Dövlət Universitetinin (MDU) rektor v.m.i.e Üzeyir Zeynalov, çıxışında, universitetin ekoloji maarifləndirmə və davamlı inkişaf prinsiplərinin yayılmasında oynadığı rolu vurğulayıb. Üzeyir Zeynalov qeyd edib ki, universitet bu kimi forumlar vasitəsilə gənclərin ekoloji şüurunun inkişafına xüsusi önəm verir və onlara ətraf mühitin qorunmasına dair praktiki bilik və bacarıqlar aşılamağa çalışır. Zeynalov, ekoloji problemlərin artdığı bir dövrdə gəncləri bu sahədə fəal olmağa təşviq etməyin və onların ekoloji dəyərlərə bağlılığını artırmağın ölkəmizin gələcəyi üçün əhəmiyyətini vurğulayıb.

Mingəçevir regional “ASAN xidmət” mərkəzinin direktoru Elxan Cəfərov çıxışında ASAN Xidmətin cəmiyyətin rifahı üçün ekoloji maarifləndirməyə verdiyi dəstəyi vurğulayıb. E. Cəfərov bildirib ki, ASAN Xidmət yalnız xidmət göstərməklə məhdudlaşmır, həmçinin əhalini ekoloji məsələlərə həssas yanaşmağa çağırır və bu istiqamətdə müxtəlif layihələr həyata keçirir. O, xüsusilə tullantıların təkrar emalı sahəsində göstərdikləri fəaliyyətlərdən danışaraq, bu sahədə görülən işlərin davam etdiriləcəyini bildirib.

“Yaşıl ASAN” ekoloji proqramının rəhbəri Rza Mirzəzadə isə proqram haqqında məlumat verib, proqramda həyata keçirilən layihələr çərçivəsində kağız tullantılarının təkrar emalı üzrə həyata keçirilən layihələrdən danışaraq, 2 min ton kağız tullantısının yenidən emala yönəldildiyini qeyd edib. R. Mirzəzadə bu təşəbbüslərin ekoloji maarifləndirmə işləri ilə müşayiət olunaraq cəmiyyətin təkrar emal mədəniyyətinə cəlb edildiyini vurğulayıb, həmçinin bildirib ki, “Yaşıl ASAN” proqramı gələcəkdə də ekoloji layihələrə dəstək verərək təkrar emal və tullantıların düzgün idarə edilməsi istiqamətində fəaliyyətlərini genişləndirəcək.

Sonra məruzələr dinlənilib. Forumda Mingəçevir Dövlət Universitetinin (MDU)  baş müəllimi Vüsalə Mustafayeva “İqlim dəyişkənliyi təhsildə hansı üstün gələcəyi vəd edir?” mövzusunda təqdimat edərək, ekoloji problemlərin təhsil sahəsinə necə inteqrasiya oluna biləcəyini və təhsilin ekoloji şüurun formalaşmasında oynadığı mühüm rolu açıqlayıb. Onun sözlərinə görə, ekoloji təhsil, gənc nəsildə ətraf mühitin qorunması məsuliyyətini artırır və bu istiqamətdə maarifləndirmə tədbirlərinin genişləndirilməsi vacibdir.

Digər bir təqdimat isə Mingəçevir Dövlət Universitetinin müəllimi Aysel Bayramova tərəfindən olub. “COP29: Azərbaycanın liderliyi ilə yaşıl planetin xilası” mövzusunda danışan Bayramova, Azərbaycanın COP29 konfransı çərçivəsində ətraf mühitin qorunması və ekoloji məsələlərin həllində fəal rolunu vurğulayıb. Bayramova, COP29-un Azərbaycan üçün əhəmiyyətini, ölkəmizin qlobal ekoloji problemlərin həllinə töhfələrini və bu tədbirin yerli və qlobal ekoloji maarifləndirmə işlərinə dəstək verdiyini bildirib.

Panel müzakirələrində İqtisadiyyat kafedrasının müəllimi Samrin Xanlayev moderator qismində çıxış edib və spikerlərə ekoloji problemlərə dair müxtəlif suallar ünvanlayıb. Panel iştirakçıları ekoloji fəaliyyətlərdə universitetin və digər qurumların rolunu müzakirə ediblər:

    Üzeyir Zeynalov universitetin ekoloji fəaliyyətlərdəki önəmindən və tələbələrin bu sahədə iştirakını dəstəkləmək üçün həyata keçirilən təşəbbüslərdən bəhs edib.

    Mingəçevir Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Əliyev  şəhərdə ekoloji tarazlığı təmin etmək üçün həyata keçirilən tədbirləri və bu sahədə görülən işlərin əhəmiyyətini vurğulayıb.

    Mingəçevir regional “ASAN xidmət” mərkəzinin direktoru Elxan Cəfərov ASAN xidmətin ətraf mühitin mühafizəsinə dəstək vermək məqsədilə həyata keçirdiyi tədbirləri açıqlayıb.

    Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov  gənclərin ekoloji məsələlərdə maarifləndirilməsində oynadığı rolu və həyata keçirilən layihələrin ekoloji şüur formalaşdırmada əhəmiyyətini qeyd edib.

Forum sual-cavab sessiyası ilə yekunlaşıb. Bu sessiya zamanı auditoriya öz suallarını spikerlərə ünvanlayıb və ekoloji problemlərin həlli yolları ətrafında geniş müzakirələr aparılıb. Tədbirin sonunda ekoloji mövzular üzrə keçirilmiş intellektual yarışın qalibləri sertfikatlarla təltif olunduqdan sonra forum yekunlaşıb. Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mingəçevir Dövlət Universiteti və Mingəçevir regional “ASAN xidmət” Mərkəzinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi, Mingəçevir Regional Turizm İdarəsi və “Yaşıl ASAN” proqramının həyata keçirdiyi bu forum vasitəsilə təşkil edilən tədbir, ətraf mühitin mühafizəsi, tullantıların təkrar istifadəsi və davamlı inkişaf sahəsində maarifləndirmə işlərinə mühüm töhfə verərək tələbələri və yerli ictimaiyyəti ekoloji problemlərə qarşı mübarizədə bir araya gətirib. Forum, həmçinin, gələcəkdə ekoloji layihələrin genişləndirilməsi və cəmiyyətin yaşıl düşüncə tərzinin inkişaf etdirilməsi istiqamətində mühüm platforma yaratdı.  Tədbirdə ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsinə dair geniş müzakirələr aparılıb, iştirakçılar arasında bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib.