Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərində yerləşən Gənclər Evində “Əlçatan təhsil platforması” mövzusunda yarış keçirilib. Tədbirdə universitetin tələbələri iştirak edərək komandalar şəklində təhsildə bərabər imkanların təmin edilməsinə yönəlmiş innovativ ideya və layihələrini təqdim ediblər.
Yarışın keçirilməsində əsas məqsəd təhsildə bərabər imkanların yaradılması, hər kəs üçün əlçatan və inklüziv təhsil mühitinin formalaşdırılması, eyni zamanda gənclərin bu istiqamətdə innovativ ideyalarının ortaya çıxarılması olub.
Tədbir çərçivəsində iştirakçılar təhsildə inklüzivliyin təşviqi, müasir texnologiyaların və rəqəmsal platformaların tədris prosesində tətbiqi, eləcə də əlçatan və keyfiyyətli təhsil modelinin formalaşdırılması istiqamətində müxtəlif ideya və həllər təqdim ediblər. Eyni zamanda yarış tələbələrin komanda işi və əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsi, onların yaradıcı və təşəbbüskar fəaliyyətə cəlb olunması baxımından da mühüm əhəmiyyət kəsb edib.
Yarışda üç komanda – “NextStarEdu”, “Smart Steps” və “Edu4All” iştirak edib. “NextStarEdu” komandasının kapitanı Aygün Əliyeva, üzvləri isə Mirzəxrə Ağayeva və Ləman Mikayıl olub. “Smart Steps” komandasına Zeynəb Mehrəlizadə rəhbərlik edib və komandanın üzvü Nuray Şirəliyeva olub. “Edu4All” komandasının kapitanı Rayfa Mustafazadə, üzvü isə Fərrhad Həşimov olub.
Yarışın nəticələrinə əsasən I yerə “NextStarEdu” komandası layiq görülüb. Qalib komandaya hədiyyələr və sertifikatlar təqdim olunub. Digər komandaların üzvlərinə isə iştirakçı sertifikatları verilib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində təşkil olunan bu kimi təşəbbüslər təhsildə inklüzivlik və bərabər imkanlar prinsiplərinin təşviqinə, gənclərin innovativ ideyalarının dəstəklənməsinə və müasir texnologiyaların təhsil mühitində tətbiqinin genişləndirilməsinə mühüm töhfə verir.