Mingəçevir Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan “FutureProof Housing – Gələcəyə Dayanıqlı Evlər” adlı panel müzakirəsi keçirilib

Mingəçevir Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “FutureProof Housing – Gələcəyə Dayanıqlı Evlər” mövzusunda panel müzakirəsi keçirilib. Tədbir dayanıqlı şəhər inkişafı, smart city yanaşmaları, yaşıl iqtisadiyyat və innovativ urbanizasiya modelləri istiqamətində universitetin elmi-tədqiqat və beynəlxalqlaşma prioritetlərinə uyğun olaraq təşkil olunub.

Tədbirin giriş nitqi ilə açan İqtisadiyyat kafedrasının müdiri Zivər Zeynalova çıxışında müasir dövrdə dayanıqlı şəhərsalma, yaşıl iqtisadiyyat və innovativ yaşayış modellərinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, urbanizasiya proseslərinin sürətləndiyi bir şəraitdə smart infrastrukturun tətbiqi, enerji effektiv həllərin genişləndirilməsi və ekoloji məsuliyyət prinsiplərinin gücləndirilməsi ali təhsil müəssisələrinin də prioritet istiqamətlərindən birinə çevrilib.

Z. Zeynalova Mingəçevir Dövlət Universitetində bu sahədə aparılan elmi-tədqiqat işləri, beynəlxalq əməkdaşlıq təşəbbüsləri və tələbələrin dayanıqlı inkişaf məqsədlərinə uyğun bilik və bacarıqlarla təmin olunmasının vacibliyini diqqətə çatdırıb. O, bu kimi tədbirlərin universitet-sənaye əməkdaşlığının genişləndirilməsinə, tələbələrin praktiki biliklərinin artırılmasına və onların qlobal çağırışlara uyğun kompetensiyalarının formalaşdırılmasına mühüm töhfə verdiyini bildirib.

Sonda tədbirin mövzusunun aktuallığını qeyd edən Z. Zeynalova panel müzakirəsinin iştirakçılar üçün faydalı platforma olacağına əminliyini ifadə edib.

Panel müzakirəsi zamanı urbanizasiya prosesinin gələcək istiqamətləri, smart infrastruktur, enerji effektiv və ekoloji davamlı binaların qiymətləndirilməsi, eləcə də innovativ yaşayış modelləri geniş şəkildə müzakirə olunub. İştirakçılar müasir şəhərsalma tendensiyalarının əmlak bazarına, biznes mühitinə və investor davranışına təsirini analitik yanaşma əsasında təhlil ediblər.

Tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin nümayəndələri çıxış ediblər. Cəmiyyətin İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Oruc “Şəhərsalma, smart infrastruktur və əmlak bazarının gələcəyi” mövzusunda təqdimatla çıxış edərək enerji effektiv binaların qiymətləndirilməsi, urbanizasiya prosesində innovativ yaşayış modelləri və investor gözləntiləri kontekstində dayanıqlı inkişafın iqtisadi aspektlərini diqqətə çatdırıb.

İdarə Heyəti sədrinin müavini Nail Həşimov “FutureProof Housing və biznes qiymətləndirilməsinin yeni dövrü” mövzusunda çıxış edərək qlobal iqtisadi transformasiyalar fonunda qiymətləndirmə metodologiyalarının inkişaf istiqamətlərini izah edib.

İdarə Heyəti sədrinin müşaviri, beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov isə gələcəyin şəhərlərinin formalaşmasında beynəlxalq standartların rolu, innovativ idarəetmə modelləri və dayanıqlı urban inkişaf strategiyaları barədə fikirlərini bölüşüb.

Panel müzakirəsi tələbələr, akademik heyət və sahə üzrə mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb. Tədbir çərçivəsində aparılan müzakirələr dayanıqlı şəhərsalma, yaşıl texnologiyalar, smart yaşayış modelləri və innovativ iqtisadi yanaşmalar üzrə bilik və təcrübə mübadiləsi üçün effektiv platforma rolunu oynayıb.