MDU-da məktəblilərlə görüşlər davam edir

2024-cü il aprelin 3-də Mingəçevir Dövlət Universitetinin (MDU) Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzi və Mingəçevir şəhər Təhsil sektorunun təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevir şəhər 14 saylı tam orta məktəbin şagirdləri ilə növbəti maarifləndirici görüş keçirilib.

Görüşü giriş sözü ilə açan MDU-nun Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova universitetin maddi-texniki bazası, kadr hazırlığı aparılan ixtisaslar, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevir şəhərində və bu ali təhsil müəssisəsində görülən işlər barədə məlumat verib.

MDU-nun GEOLAB və Kimya laboratoriyalarında aparılan görüşlər zamanı Fizika və ekologiya kafedrasının gənc müəllimləri Aytac Cavadova və Lalə Rəsulova tərəfindən müxtəlif sınaq və təcrübələr aparılıb. A.Cavadova Müxtəlif su nümunələri üzərində təcrübə prosesini gerçəkləşdirib. L.Rəsulova tərəfindən Oksigen, karbon qazı konsentrasiyaları və suda həll olmuş oksigen parametrləri yoxlanılıb.

Görüş şagirdlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevirdə müxtəlif tədbirlər həyata keçirilir.