Mingəçevir Dövlət Universitetində günəş enerji sistemlərinin texniki-iqtisadi təhlili mövzusunda təlim keçirilib

  • Рубрика записиEnergetika

2025-ci ilin 24 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində Energetika kafedrasının təşkilatçılığı ilə universitetin əsas tədris binasında quraşdırılmış günəş enerji panelləri üzərində “Günəş Enerji Stansiyalarının Texniki-İqtisadi Təhlili” mövzusunda tələbələr üçün praktiki təlim keçirilib. Təlimin əsas məqsədi tələbələrin bərpa olunan enerji texnologiyaları sahəsində nəzəri biliklərini genişləndirmək, günəş enerji sistemlərinin texniki və iqtisadi göstəriciləri barədə praktiki məlumatlandırmanı gücləndirmək olub.

Təlim zamanı Energetika sahəsi üzrə mütəxəssis Alim Nəcəfov günəş enerji stansiyalarının texniki xüsusiyyətləri, iqtisadi səmərəliliyi və ekoloji üstünlükləri barədə geniş təqdimatla çıxış edib. O, xüsusilə günəş enerji sistemlərinin fəaliyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınmalı əsas istiqamətləri iştirakçıların diqqətinə çatdırıb.

Təqdimatda ilk növbədə texniki parametrlər və effektivlik məsələlərinə toxunulub. Qeyd olunub ki, günəş panellərinin faydalı iş əmsalı adətən 15–22 faiz arasında dəyişir və bu göstərici yerli iqlim şəraiti, xüsusilə günəş radiasiyasının səviyyəsi ilə sıx bağlıdır. Eyni zamanda inverter və şəbəkə inteqrasiyası zamanı alternativ cərəyanın sabit cərəyana çevrilməsi prosesində yaranan enerji itkilərinin minimuma endirilməsinin əhəmiyyəti vurğulanıb. Təlimdə həmçinin panellərin müntəzəm texniki xidmətinin, onların təmiz saxlanmasının və soyutma sistemlərinin çıxış gücünə təsiri barədə məlumat verilib.

Təlim çərçivəsində günəş enerji stansiyalarının iqtisadi göstəriciləri də ətraflı izah olunub. Enerjinin normallaşdırılmış dəyəri kimi tanınan LCOE (Levelized Cost of Energy) göstəricisinin stansiyanın bütün istismar müddəti ərzində istehsal olunan 1 kVt/saat enerjinin maya dəyərini ifadə etdiyi bildirilib. Həmçinin investisiyanın geri dönüş göstəricisi olan ROI (Return on Investment) barədə məlumat verilib və qeyd olunub ki, günəş enerji stansiyalarında investisiyanın özünü doğrultma müddəti adətən 6–9 il arasında dəyişir. Bundan əlavə, layihələrin ilkin investisiya xərcləri (CAPEX) və istismar xərcləri (OPEX) haqqında da məlumat təqdim olunub.

Təlim zamanı günəş enerjisinin ekoloji və strateji üstünlüklərinə də xüsusi diqqət yetirilib. Bildirilib ki, günəş enerjisindən istifadə karbon emissiyalarının azalmasına mühüm töhfə verir və hər bir kVt/saat günəş enerjisi atmosferə atılan karbon qazının miqdarının azalmasına xidmət edir.

Təlimin sonunda Alim Nəcəfov vurğulayıb ki, gələcək mühəndislər yalnız texniki hesablamalarla kifayətlənməməli, eyni zamanda enerji layihələrinin iqtisadi səmərəliliyini və maliyyə dayanıqlığını da düzgün qiymətləndirməyi bacarmalıdırlar. Qeyd olunub ki, Mingəçevir Su Elektrik Stansiyasının mövcud infrastrukturunda su və günəş enerjisinin birgə tətbiqinə əsaslanan hibrid sistemlərin gələcəkdə enerji sisteminin çevikliyinin artırılmasına mühüm töhfə verə biləcəyi gözlənilir.