MDU-da 2022/2023-cü tədris ilinin yekunları ilə bağlı ictimaiyyətə hesabat verilib

  • Рубрика записиMDU xəbərləri

2023-cü il iyulun 21-də Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin yekunları ilə bağlı ictimaiyyətə geniş hesabat təqdim edilib. Hesabat tədbirində MDU İctimai Nəzarət Şurasının üzvləri, Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbərliyi, orta məktəb direktorları, universitetin tərəfdaşlıq etdiyi dövlət və özəl qurumların rəhbər şəxsləri, gənclər təşkilatları və QHT-lərin nümayəndələri, media işçiləri və Mingəçevir şəhər ictimaiyyətinin digər üzvləri iştirak ediblər.

MDU-nun rektoru Şahin Bayramov hesabat təqdimatı ilə çıxış edib. Tədbirin mahiyyətinin əsasında ictimai hesabatlılıq və cəmiyyətə faydalılıq yanaşmasının dayandığını vurğulayan rektor başa vurulan tədris ilində MDU-da həyata keçirilən fəaliyyətlərdən, əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib.

Milli ali təhsil məkanında mövcud reallıqlardan və baş verən yeniliklərdən danışan Ş.Bayramov hesabat dövrünün “Heydər Əliyev İli” və “Şuşa İli”nin qeyd olunması, Mingəçevirin “Gənclər paytaxtı” seçilməsi ilə əlamətdar olduğunu bildirib. Eləcə də, son dövrdə ali təhsil sahəsində qəbul edilən mühüm dövlət sənədlərinin universitetlər qarşısında yeni tələblər müəyyən etdiyini söyləyib. Rektor MDU-nun yeni dövrün universitetinə çevrilməsi strateji hədəfinə çatmaq yolunda dövlətin hərtərəfli dəstəyinin önəmini diqqətə çatdırıb və qurulan strateji tərəfdaşlıqların əhəmiyyətini qeyd edib. Bildirib ki, hesabat dövründə MDU-nun publik hüquqi şəxs statusu alması, yeni nizamnaməsinin təsdiq edilməsi, rebrendinq etməsi, təşkilati-idarəetmə strukturunun təkmilləşdirilməsi, elmi və pedaqoji potensialının gücləndirilməsi, hərtərəfli inkişafı dəstəkləyən ali təhsil mühitinin təmin edilməsi, qarşılıqlı faydalı yerli və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi tədris ilinin məhsuldar nəticələr və yeni imkanlarla başa vurulmasında mühüm rol oynayıb.

Universitet idarəçiliyində çevikliyin, şəffaflığın, hesabatlılığın və nəticəyönümlüyün təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verən Ş.Bayramov hesabat dövründə MDU-da tədris, elm, innovasiya, sənaye ilə işbirliyi və sosialyönümlü fəaliyyət, eləcə də milli və beynəlxalq səviyyədə həyata keçirilən proqram və layihələrdə iştirak sahəsində əldə olunan müsbət nəticələrdən və onların gələcək dövr üçün yaratdığı yeni fürsətlərdən danışıb. Tələbəyönümlü ali təhsil mühitinin yaradılmasının və məzunlarla işin təkmilləşdirilməsinin başlıca vəzifələrdən olduğunu diqqətə çatdıran rektor universitetdə çoxşaxəli tələbə həyatı üçün yaradılan şəraitin tələbə nailiyyətlərində öz əksini tapdığını qeyd edib, hesabat dövründə tələbə gənclərin və məzunların uğurlarını bölüşüb.

Hesabatlılıq mədəniyyətinin inkişaf etdirilməsinin, əldə olunan nəticələrin ictimaiyyətlə paylaşmanın və cəmiyyətlə davamlı kommunikasiyada olmanın üstünlüklərindən söhbət açan Ş.Bayramov bütün bunların növbəti dövr üçün daha böyük məsuliyyət yaratması ilə yanaşı əlavə imkanların da meydana çıxmasına səbəb olduğunu qeyd edib. Bu baxımdan hər zaman ictimaiyyətlə əlqalərə xüsusi önəm verən MDU-da hesabatlılıqla bağlı yeni ənənənin əsasının qoyulmasından məmnunluğunu ifadə edən rektor dəvəti qəbul edib tədbirə qatıldıqları üçün iştirakçılara təşəkkürünü bildirib.

Sonra tədbirdə çıxış edən ictimayyət nümayəndələri hesabatı yüksək qiymətləndirib, MDU-nun 2022/2023-cü tədris ilindəki fəaliyyətinin nəticələrinə dair müsbət fikirlər səsləndiriblər. Bildiriblər ki, son dövrdə müasirləşmə yolunda önəmli addımlar atan MDU-nun milli ali təhsil məkanında yerinin güclənməsi cəmiyyətdə aydın hiss olunur, regionun yeganə ali təhsil müəssisəsinin qısa dövrdə qazandığı uğurlar, beynəlxalq miqyasda layiqli təmsilçiliyi rəğbətlə qarşılanır.

Tədbirdə gələcək fəaliyyətlərlə bağlı fikir mübadiləsi aparılıb və səsləndirilən təkliflərə münasibət bildirilib.

Qeyd edək ki, hesabatlılığa və şəffaflığa xüsusi önəm verən MDU-da həyata keçirilən fəaliyyətlərlə bağlı məlumatlar müntəzəm olaraq müxtəlif KİV və sosial media vasitələrində paylaşılır və ictimaiyyətin rəyi diqqət mərkəzində saxlanılır.