I TÜRKOLOJİ QURULTAY:  MİLLİ (Professor Nadir Məmmədlinin tədqiqatları əsasında)

  • Рубрика записиMSU News

Məqalədə 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın Azərbaycan milli mətbuatında işıqlandırılması məsələləri professor Nadir Məmmədlinin  tədqiqatları əsasında araşdırılır. Qurultayın hazırlanması, gedişi və nəticələrinin dövrün qəzet və jurnallarında əks olunması təhlil edilir. Müəyyənləşdirilir ki, milli mətbuat qurultayla bağlı məlumatların ictimaiyyətə çatdırılmasında, əlifba islahatı, dil və terminologiya məsələlərinin təbliğində mühüm rol oynamışdır. Tədqiqat həmçinin göstərir ki, dövri mətbuat materialları Birinci Türkoloji Qurultayın tarixinin öyrənilməsi üçün etibarlı və zəngin mənbələrdən biridir. Tədqiqat nəticəsində Azərbaycan mətbuatının yalnız informasiya vasitəsi deyil, həm də türkoloji ideyaların yayılmasına xidmət edən mühüm ictimai tribuna olduğu qənaətinə gəlinir.

      1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilmiş I Türkoloji Qurultay türk xalqlarının elmi, mədəni və içtimai həyatında mühüm hadısə olmuşdur. Türk dillərinin tədqiqi, ortaq əlifba, terminologiya, ədəbi dil, tarıx, etnoqrafiya və folklor məsələlərinin geniş müzakirə olunduğu bu möhtəşəm elmi toplantı təkcə sovet məkaninda deyil, bütün türk dünyasında böyük maraq doğurmuşdur. Qurultayda müxtəlif ölkələrdən və regionlardan gəlmiş alimlərin iştirakı onun beynəlxalq elmi nüfuzunu daha da artırmışdır.

      Qurultayın hazırlanması, keçirilməsi və qəbul etdiyi qərarlar dövrün milli mətbuatında – əsasən, “Yeni yol”. “Kommunist”, Yeni fikir” və “ Бакинский рабочий” qəzetlərində geniş işıqlandırılmışdır. Azərbaycan qəzet və jurnalları bu tarixi hadisəni gündəlik izləyərək ictimaiyyətə çatdırmış, qurultayın məqsəd və vəzifələrinin təbliğində mühüm rol oynamışdir. Mətbuat səhifələrində qurultay iştirakçıları haqqında məlumatlar verilmiş, məruzələrin əsas müddəaları dərc edilmiş, qəbul olunan qərarlar şərh olunmuşdur. Bu baxımdan milli mətbuat materialları I Türkoloji Qurultayın tarixinin öyrənilməsi üçün mühüm mənbələrdən biri hesab edilə bilər.

   Son illərdə görkəmli dilçi alim, professor Nadir Məmmədli tərəfindən aparılmış tədqiqatlar I Türkoloji Qurultayın öyrənilməsində yeni mərhələ açmışdır. Alimin arxiv sənədləri, dövri mətbuat materialları və digər mənbələr əsasında hazırladığı araşdırmalar qurultayın müxtəlif aspektlərinin daha dolğun və obyektiv şəkildə işıqlandırılmasına şərait yaratmışdır. Xüsusilə milli mətbuatın materialları əsasında aparılan təhlillər qurultayın ictimai rezonansını, onun dövrün ziyalıları və oxucuları tərəfindən necə qarşılandığını  müəyyənləşdirməyə şərait yaradır.

    Məqalənin məqsədi professor Nadir Məmmədlinin tədqiqatlarına istinad etməklə I Türkoloji qurultayın Azərbaycan milli mətbuatında işıqlandırılması məsələlərini  araşdırmaq, həmin materialların elmi-tarıxı əhəmiyyətini müəyyənləşdirmək və onların qurultayın öyrənilməsində oynadığı rolu dəyərləndirməkdən ibarətdir.

  I Türkoloji Qurultayın tarixini  yalnız protokollar və rəsmi sənədlər arasında deyil, həm də milli mətbuat materialları əsasında öyrənmək mümkündür Bu baxımdan Azərbaycan mətbuatı Qurultayın canlı salnaməsi funksiyasını yerinə yetirmişdir.

        I Türkoloji Qurultayın çağırılması xəbəri qurultayın işə başlamasından xeyli əvvəl Azərbaycan mətbuatında ardıcıl və sistemli şəkildə işiqlandırılmışdır. Dövrün qəzetləri qarşıdan gələn elmi toplantını türk xalqlarının mədəni həyatında mühüm hadisə kimi qiymətləndirir, qurultayın gündəliyinə çıxarılacaq məsələlər barədə oxuculara məlumat verirdilər. Professor Nadir Məmmədlinin araşdırmalarından aydın olur ki, mətbuat qurultayın təşkili prosesində yalnız informasiya vasitəsi  kimi deyil, həm də ictimai rəyin formalaşdırılmasında fəal iştirak etmişdir.

  Birinci Ümumittifaq Türkoloji Qurultayın başlaması haqqında məlumat verən “Kommunist” (əski əlifba ilə Azərbaycan dilində), “Yeni yol”,”Maarif işçisi”( latın qrafikası ilə), “Бакинский рабочий” (rus dilində), “Yeni fikir” ( əski əlifba və latın qrafikası ilə) qəzetləri qurultayın keçirildiyi günlərdə qəzet səhifələrində iştirakçıların siyahısını verir,  iclasların gedişini, məruzələrin əsas müddəaları və qəbul olunan qərarları müntəsəm işıqlandırırdılar.

“Yeni yol” qəzeti 28 fevral tarixində I Türkoloji qurultayın 27 fevral səhər iclasından geniş materiallar verir, oxuculara akademik Bartoldun  Türk xalqlarının tarixinin hazırkı vəziyyəti və onu öyrənmək yollarına dair məruzəsini təqdim edir(

“Yeni fikir” qəzeti “Professor Koprülüzadə ilə müsahibə” aparır, “Kommunist” qəzeti qurulta nümayəndələrinin məruzələrini dərc edir (2).

     Bu materiallar həmin dövrün ictimai fikrində türkoloji problemlərə marağın nə dərəcədə yüksək olduğunu göstərir. Mətbuat qurultayın fəaliyyətini gündəlik izləməklə onu geniş oxucu kütləsinin diqqət mərkəzində saxlayırdı.

      Qurultayla bağlı mətbuatda ən geniş işıqlandırılan məsələlərdən biri əlifba islahatı olmuşdur. Latın qrafikalı yeni türk əlifbasına keçid ideyası həm elmi dairələrdə, həm də mətbuat səhifələrində geniş müzakirə edilirdi. Qəzetlərdə yeni əlifbanın üstünlükləri, onun maarifin inkişafına və savadsızlığın aradan qaldırılmasına təsiri barədə məqalələr dərc olunurdu.

    “Yeni yol” qəzeti  2 mart 1926-cı il tarıxli 52-ci (463) sayında “Qurultayda əlifba məsələsi” adlı məqaləsində yazır: “Bu gün Türkoloji Qurultay öz gündəlik məsələlərinin ən mühümünü – əlifba məsələsini müzakirə edir. Qurultayın hər bir üzvü bu tarixi vəzifənı layiqıncə düşünməli və əlifba məsələsinə tam mənası ilə şüurlu bir surətdə yanaşmalıdır” (3).

    Məqalədə oxuyuruq:”Biz güman edirik ki, türk-tatar xalqları latın əlifbası məsələsində tarixi “ənənə” və dini mövhumatçiliq ilə deyil, həyatı inkişaf və tərəqqi məsələsi ilə hesablaşarş Biz qəti bir inamla inanırıq ki, türk-tatar xalqlarının Qurultaya  toplanmış nümayəndələri əlifba məsələsi kimi böyük bir tarıxı məsələdə inqilabcasına davranacaq və qəti srətdə latın əlifbasının həyata keçirilməsinə səs verəcək”.

   “Yeni yol” qəzeti 5 mart 1926-ci il tarıxıi 55-ci (466) sayında latın qrafikasına keçidi “tarıxı bir qərar” adlandırır, oxucularına  “Tarixi bir qərar”, “Bizə yalnız türk əlifbası əlverişlıdır”  adlı məqalələrini təqdim edir (3).

    Başqa qəzetlər də əlifba məsələsinin türk-tatar xalqlarının mədəni, pedaqoji və terminoloji inkişafı ilə bağlı strateji əhəmiyyətin vurğulayir, I Ümumittifaq Türkoloji Qurultayın qərarlarını verirlər. “Yeni türk əlisbası təqdir edilmiş və bütün türk xalqları tərəfindən keçirilməsi arzu edilmişdir

      Professor Nadir Məmmədli qeyd edir ki, dövrün mətbuatı əlifba islahatının mahiyyətini əhaliyə izah etmək və onun ictimai dəstək qazanmasına kömək etmək baxımından mühüm rol oynamışdır (1). Bu səbəbdən qurultayın əlifba ilə bağlı qərarları yalnız elmi hadisə deyil, həm də mühüm ictimai-mədəni hadisə kimi təqdim olunurdu.

    Milli mətbuatda qurultay iştirakçılarına da geniş yer verilmişdir. Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş alimlərin, yazıçıların və ictimai xadimlərin bioqrafiyaları, elmi fəaliyyəti və məruzələri haqqında məlimatlar dərc olunurdu. Bu yazılar oxucuların türk xalqlarının görkəmli nümayəndələri ilə yaxından tanış olmasına imkan yaradırdı.

  “Yeni yol” qəzetinin 1926-ci il fevral-mart tarixli nömrələrində akademik Bartold, professorlar Borozdin,  Kursin,  Çobanzadə, Poppen, Genko, Samoyloviç,  Malov,  Aşmarın və başqa nümayəndələr haqqında məlumat verilmiş, onların məruzələri, çıxışları oxuculara təqdim olunmuşdur (1, s. 618-644, 3, № 53-55). 

“Бакинский рабочий” qəzeti 2 mart 1926-cı il tarıxli sayında oxucuları Şərqşünaslıq Elmi Assosasiyasının sədri Pavloviç ilə söhbətə dəvət edir, qurultay nümayəndələrindən professor Köprülüzadənin, Əfəndizadənin, Jirkovun, Samoyloviçin və başqa dilçi-alimlərin məruzələrini, çıxışlarını dərc edir ( 1, s.757).

     Azərbaycandilli mətbuatda daha çox qurultayın gündəliyi, məruzəçilərin çıxışlarının təhlili və onların milli dil syasəti haqqında fikirləri ön plana çıxarılırdı.

 “ Бакинский рабочий “ qəzeti isə rusdilli oxucular üçün daha çox Avropa türkoloqları ilə əlaqələrə diqqət yetirirdi.  

    Mətbuat yalnız hadisələri müəyyən tarıxı çərçivədə təqdim etmir, eyni zamanda qurultay iştirakçiları ilə ictimaiyyət arasında körpü rolunu oynayır və dil ilə mədəniyyət sahəsindəki məlumatların sistemli şəkildə yayılmasına xidmət edirdi.

Oxucu bu yazılarda həm qurultayın canlı ab-havasını, həm də mətbuat səhifələrində əks olunan ictimai reaksiyaları, dövrün mədəni və siyasi ruhunu daha dərindən duya bilir.

    Mətbuatın təqdim etdiyi materiallar qurultayın beynəlxalq xarakterını və türk xalqları arasında elmi-mədəni əlaqələrin inkişafında oynadığı rolu aydın şəkildə ifadə etdirir. 

         Professor Nadir Məmmədlinin  araşdırmalarının mühüm cəhətlərindən biri də mətbuat materiallarının tarixi mənbə kimi qiymətləndirilməsidir. Alim göstərir ki, qəzet və jurnal səhifələrində qorunub saxlanılan məlumatlar qurultayın gedişini, iştirakçıların mövqelərini və ictimai reaksiyanı öyrənmək üçün zəngin faktoloji material verir.

         Bu baxımdan, milli mətbuat I Türkoloji Qurultay haqqında təkcə məlumat verməklə kifayətlənmir, həm də onun tarixinin öyrənilməsi üçün mühüm sənədli mənbə kimi çıxış edir. Məhz buna görə də qurultayın tədqiqində arxiv sənədləri ilə yanaşı dövri mətbuat materiallarından da geniş istifadə olunmalıdır.

         I Türkoloji Qurultay Azərbaycan milli mətbuatında geniş əks-səda doğurmuşdur. Dövrün qəzet və jurnalları qurultayın hazırlanması, keçirilməsi və nəticələrinin təbliğində mühüm rol oynamış, eyni zamanda onun tarixinin gələcək nəsillərə çatdırılmasını təmin etmişdir. Professor Nadir Məmmədlinin tədqiqatları göstərir ki, milli mətbuat materialları qurultayın öyrənilməsi üçün etibarlı və zəngin mənbədir. Bu materiallar əsasında qurultayın elmi, ictimai və mədəni əhəmiyyətini  daha dolğun şəkildə müəyyənləşdirmək mümkündür.

        I Türkoloji Qurultay zamanı Azərbaycan mətbuatı təkcə hadisələri qeydə alan vasitə deyil, həm də türkoloji ideyaların formalaşması və yayilmasinda mühüm rol oynayan ictimai tribuna olmuşdur.

Maarifə Manafova

Mingəçevir Dövlət Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru