Mingəçevir Dövlət Universitetində “Climate Week: İqlim dəyişmələri və dayanıqlı gələcəyə doğru” adlı tədbir uğurla həyata keçirilmişdir

Mingəçevir Dövlət Universitetində “Climate Week: İqlim dəyişmələri və dayanıqlı gələcəyə doğru” adlı tədbir uğurla həyata keçirilmişdir. Tədbir çərçivəsində universitetin müvafiq korpusunda Ekologiya və Ekologiya Mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələr tərəfindən hazırlanmış layihələr əsasında müxtəlif maketlər, plakatlar və digər vizual materiallar sərgi formatında nümayiş etdirilmişdir.

Sərgi iştirakçıları iqlim dəyişmələrinin ekoloji və sosial təsirləri, dayanıqlı inkişaf prinsipləri, resurslardan səmərəli istifadə və ətraf mühitin qorunması istiqamətində hazırladıqları elmi-praktiki yanaşmaları təqdim etmişlər. Nümayiş olunan işlər yalnız mövzunun aktuallığını əks etdirməklə kifayətlənməyib, həm də tələbələrin analitik düşünmə, tədqiqat və təqdimat bacarıqlarının inkişafını göstərmişdir.

Tədbir iqlim dəyişiklikləri ilə bağlı maarifləndirmənin artırılması, tələbələrin elmi fəaliyyətə cəlb olunması və dayanıqlı gələcək istiqamətində innovativ ideyaların təşviqi baxımından əhəmiyyətli olmuşdur.

Sərgidə təqdim olunan layihələr müasir ekoloji problemlərin həllinə yönəlmiş innovativ yanaşmaları, elmi-praktiki əsaslandırmaları və dayanıqlı inkişaf prinsiplərini əks etdirmişdir.

Layihələrin xülasəsi:

  • “Yaşıl həyat” qrupu sənaye müəssisələrindən atmosferə buraxılan tullantı qazlarının miqdarının müəyyənləşdirilməsi və zərərli təsirinin azaldılmasına həsr olunmuş layihə təqdim edib. Layihədə qaz analizatorlarının tətbiqi, filtrasiya qurğuları vasitəsilə qazların təhlükəsizləşdirilməsi və sənaye ekoloji təhlükəsizliyinin artırılması ön planda olmuşdur.
  • “Natura Builder” komandası “yaşıl bina” konsepsiyasını təqdim edib. Layihədə enerji səmərəli və ekoloji cəhətdən dayanıqlı yaşayış mühitinin yaradılması, günəş panelləri, şaquli yaşıllaşdırma, yağış sularının toplanması və təbii işıqdan maksimum istifadə kimi elementlər əhatə olunub.
  • “Ekolider” komandası innovativ enerji istehsalı və su resurslarının qorunmasına yönəlmiş layihə irəli sürüb. Pyezoelektrik panellər və sensorlu avtomatik klapan sistemləri vasitəsilə enerji səmərəliliyi və su itkisinin minimuma endirilməsi hədəflənib.
  • “Ekoloqlar” komandası “BioAquaponics Mini-Modul” layihəsi ilə akvaponika sistemini təqdim edib. Sistem balıq və bitki istehsalını qarşılıqlı əlaqədə həyata keçirərək su sərfiyyatını azaldır və tədris və ekoloji istehsal baxımından faydalıdır.
  • “Təbii nəbz” komandası “EkoRitm” layihəsini təqdim edərək günəş enerjisi ilə işləyən elektrikli nəqliyyat vasitələrinin tətbiqini, xüsusilə avtobuslarda karbon emissiyalarının azaldılmasını hədəfləyib.
  • “Divergent” komandası şəhər mühitində insanların təbiətdən uzaqlaşması probleminin həlli üçün qapalı, şüşə konstruksiyalı mini-ekosistem yaratmağı təklif edib. Bu məkanda su hövzələri, tropik bitkilər və müxtəlif canlı komponentlər vasitəsilə həm istirahət, həm də elmi müşahidə imkanları təmin edilir.
  • “Ecotecture” komandası “Eko asfalt” sistemi ilə şəhər mühitində istilik enerjisinin səmərəli istifadəsinə fokuslanıb. Layihə asfalt örtüyündə toplanan günəş radiasiyasını enerjiyə çevirməyi hədəfləyir və “istilik ada effekti”nin azaldılmasına xidmət edir.
  • “Aerox” komandası karbon monoksid (CO) qazının erkən aşkarlanması və insan sağlamlığının qorunmasına yönəlmiş ağıllı qoruyucu sistem təqdim edib. Sistem siqnal verməklə yanaşı havalandırma və filtrasiya sistemlərini aktivləşdirir və məsul şəxslərə xəbərdarlıq göndərir.
  • “EcoBeton” layihəsi özünü bərpa edən beton texnologiyası vasitəsilə tikililərdə yaranan çatların avtomatik bərpasını hədəfləyir, bu da resurslardan səmərəli istifadəyə və texniki xidmət xərclərinin azaldılmasına şərait yaradır.
  • “Smart Village” komandası “Ağıllı kənd” layihəsini təqdim edərək kənd təsərrüfatı və yaşayış sahələrində dronlarla monitorinq, sensor əsaslı suvarma, günəş və biogaz enerji istehsalı, rəqəmsal həllər və tele-tibb kimi müasir texnologiyaların tətbiqini nəzərdə tutub.
  • “BlueGuard” layihəsi su hövzələrinin qorunmasına yönəlmiş ekoloji cəhətdən təmiz və dayanıqlı nəqliyyat vasitəsini təqdim edib. Layihə alternativ enerji, tullantıların təmizlənməsi və su ekosistemlərinin mühafizəsini əhatə edir.

Ümumilikdə, təqdim olunan layihələr tələbələrin ekoloji problemlərə yaradıcı və elmi yanaşmalarını nümayiş etdirmiş, dayanıqlı inkişaf məqsədlərinə uyğun praktik həllərin işlənib hazırlanmasının mümkünlüyünü göstərmişdir.