Mingəçevir Dövlət Universitetində İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Sosial və İqtisadi Bərabərsizliklərin Təhlili və Azaldılması Strategiyaları” mövzusunda hibrid formatda təqdimat keçirilib. Tədbirdə universitetin müəllim və tələbələri iştirak ediblər.
Təqdimat Avstraliya İttifaqının Sidney Universitetində təhsil alan Aysu İlyasova tərəfindən təqdim olunub. Çıxış zamanı sosial və iqtisadi bərabərsizlik anlayışı, onun cəmiyyətə təsiri və yaranma səbəbləri geniş şəkildə təhlil edilib. Bildirilib ki, sosial bərabərsizlik insanların təhsil, səhiyyə, iş imkanları və sosial xidmətlərə çıxışında mövcud olan fərqlərlə xarakterizə olunur. İqtisadi bərabərsizlik isə gəlir və sərvətin cəmiyyət daxilində qeyri-bərabər paylanması ilə bağlıdır.
Təqdimatda sosial və iqtisadi bərabərsizliyin yaranmasının əsas səbəbləri kimi yoxsulluq, işsizlik, təhsilə bərabər çıxış imkanlarının məhdudluğu, regional inkişaf fərqləri və sosial siyasətin yetərsizliyi göstərilib. Qeyd olunub ki, bu amillər cəmiyyətin sosial sabitliyinə, iqtisadi artımına və ümumi inkişafına mənfi təsir göstərən mühüm problemlər sırasındadır.
Eyni zamanda, sosial və iqtisadi bərabərsizliyin azaldılması istiqamətində tətbiq edilə biləcək strategiyalar barədə məlumat verilib. Bu strategiyalar sırasında təhsil imkanlarının genişləndirilməsi, sosial müdafiə proqramlarının gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, regionların balanslı inkişafının təmin olunması və inklüziv iqtisadi siyasətlərin həyata keçirilməsi xüsusi vurğulanıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində sosial-iqtisadi problemlərin elmi müstəvidə araşdırılması və beynəlxalq akademik təcrübənin paylaşılması məqsədilə bu kimi elmi və maarifləndirici tədbirlərin təşkili davam etdirilir.