Mingəçevir Dövlət Universitetində “Davamlı istehlak mədəniyyəti və universitet mühitində tətbiqi” mövzusunda təlim keçirilib

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetində “Davamlı istehlak mədəniyyəti və universitet mühitində tətbiqi” mövzusunda təlim təşkil olunub. Təlimdə MDU-nun Biznes və menecment kafedrasının müəllimi Ramil Həsənov təqdimatla çıxış edib.

Təlim zamanı davamlı istehlak mədəniyyətinin müasir cəmiyyət üçün əhəmiyyəti, təbii resursların səmərəli istifadəsi, ətraf mühitin qorunması və gələcək nəsillərin ehtiyaclarının nəzərə alınmasının vacibliyi barədə iştirakçılara geniş məlumat verilib. Qeyd olunub ki, universitetlər gənclərin dünyagörüşünün formalaşdığı əsas təhsil mühitlərindən biri kimi davamlı istehlak prinsiplərinin təşviqində mühüm rol oynayır.

Ramil Həsənov çıxışı zamanı bildirib ki, davamlı istehlak yalnız fərdi seçimlərdən ibarət deyil, eyni zamanda təhsil müəssisələrinin fəaliyyətində sistemli şəkildə tətbiq olunmalıdır. Onun sözlərinə görə, universitetlər enerji və su kimi resursların qənaətli istifadəsini təşviq etməli, tullantıların azaldılması və təkrar emal proseslərinin genişləndirilməsi istiqamətində təşəbbüslər həyata keçirməlidir. Bu yanaşmanın ekoloji məsuliyyətin artırılmasına və tələbələrdə davamlı həyat tərzinin formalaşmasına töhfə verdiyi vurğulanıb.

Təlimdə həmçinin universitet mühitində davamlı istehlak mədəniyyətinin formalaşdırılması üçün maarifləndirici tədbirlərin, seminar və layihələrin keçirilməsinin əhəmiyyəti qeyd edilib. Bildirilib ki, bu kimi təşəbbüslər tələbələrin ekoloji problemlər barədə məlumatlılığını artırmaqla yanaşı, onları gündəlik həyatlarında daha məsuliyyətli qərarlar qəbul etməyə təşviq edir.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində ekoloji məsuliyyətin artırılması, resurslardan səmərəli istifadə və davamlı inkişaf prinsiplərinin təşviqi istiqamətində mütəmadi olaraq müxtəlif maarifləndirici tədbirlər həyata keçirilir.