MDU-da “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirilib

  • Рубрика записиMDU xəbərləri

2022-ci ilin 31 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir şəhər filialının təşkilatçılığı ilə “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə filialın rəhbəri Adil Həsənov,  MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak edib.

Tədbirdə giriş sözü ilə çıxış edən MDU rektorunun müşaviri Ramin Məmmədov icbari tibbi sığorta haqqında maarifləndirmə işlərinin əhəmiyyətindən danışıb və görüşün təşkilatçılarına təşəkkürünü bildirib.

Sonra, filialın rəhbəri A.Həsənov tərəfindən iştirakçılara icbari tibbi sığorta sistemi,  icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi ilə təminat verilən tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri haqqında ətraflı məlumat verilib. Bununla yanaşı, vətəndaşlara dövlət tibb müəssisələrində və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydaları izah olunub.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, təhsil və tədqiqat fəaliyyətləri ilə yanaşı, cəmiyyətə xidməti əsas missiyalarından biri kimi müəyyən edən MDU-da ictimai həyatın müxtəlif sahələri ilə bağlı müvafiq məlumatlandırıcı və maarifləndirici görüşlərin keçirilməsinə xüsusi önəm verilir.