Mingəçevir Dövlət Universitetində “The Journal of Scientific Vectors” jurnalının rəsmi saytının təqdimatı keçirilib

2026-cı ilin 23 iyun tarixində Mingəçevir Dövlət Universitetində yeni yaradılmış “The Journal of Scientific Vectors” beynəlxalq elmi jurnalının rəsmi saytının təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində universitetin bir qrup akademik-inzibati heyət üzvü iştirak edib. Tədbirin əsas məqsədi MDU-da elmi nəşr fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, tədqiqat nəticələrinin daha geniş akademik auditoriyaya çatdırılması və universitetin elmi kommunikasiya imkanlarının rəqəmsal mühitdə gücləndirilməsi olub.
Tədbiri giriş sözü ilə açan MDU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova universitetdə elmi-tədqiqat fəaliyyətinin inkişafı, akademik nəşr mədəniyyətinin formalaşdırılması və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından yeni jurnal platformasının əhəmiyyətini vurğulayıb. Prorektor qeyd edib ki, “The Journal of Scientific Vectors” iqtisadiyyat və enerji mühəndisliyi sahələrində nəzəri, empirik və tətbiqi tədqiqatların dərcinə yönələn beynəlxalq, resenziyalı akademik jurnal kimi MDU-nun elmi potensialının beynəlxalq müstəvidə tanıdılmasına mühüm töhfə verəcək.
Bildirilib ki, jurnal iqtisadi sistemlər, siyasət çərçivələri, enerji istehsalı və infrastrukturunun mühəndislik əsasları, enerji texnologiyaları, enerji səmərəliliyi, ənənəvi enerji sistemlərindən bərpa olunan enerji mənbələrinə keçid, həmçinin iqtisadi inkişaf və enerji texnologiyaları arasında qarşılıqlı əlaqələr üzrə elmi araşdırmalar üçün akademik platforma rolunu oynayacaq.
Daha sonra MDU-nun Rəqəmsal transformasiya şöbəsinin baş mütəxəssisi Əziz Əmiraslanov tərəfindən jurnalın rəsmi saytının funksional imkanları barədə təqdimat edilib. İştirakçılara saytın strukturu, istifadəçi interfeysi, məqalə qəbulu və redaksiya proseslərinin idarə olunması, müəlliflər üçün nəzərdə tutulan bölmələr, jurnal haqqında məlumatların yerləşdirilməsi və rəqəmsal nəşr prosesinin təşkili ilə bağlı ətraflı məlumat verilib.
Təqdimat zamanı saytın elmi məqalələrin qəbulu, qiymətləndirilməsi və nəşrə hazırlanması prosesinin daha sistemli, şəffaf və operativ şəkildə həyata keçirilməsinə imkan yaradacağı diqqətə çatdırılıb. Eyni zamanda, platformanın beynəlxalq elmi bazalar, akademik axtarış sistemləri və tədqiqatçı auditoriyası üçün əlçatanlığın artırılması baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb, saytın gələcək inkişaf istiqamətləri, jurnalın beynəlxalq indeksləşmə perspektivləri və MDU-da elmi nəşr fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.