“Heydər Əliyev İli” çərçivəsində “Elm Günü”nə həsr olunmuş tələbə elmi konfransı keçirilib

2023-cü ilin martın 10-da Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsində “Heydər Əliyev İli” çərçivəsində “Elm Günü”nə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin XV elmi konfransı keçirilib. Konfransda fakültənin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.

Konfransın açılışında fakültənin dekanı Nizami Zeynalov çıxış edərək Azərbaycanda elm və təhsilin inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib və son dövrdə sözügedən sahələrdə həyata keçirilən islahatların əhəmiyyətli nəticələrindən danışıb. Hazırda MDU-da tələbələrin elmə marağının getdikcə artmasından və universitetdə təşkil edilən müxtəlif formatlı elmi tədbirlərə fəal qoşulmasından məmnunluğunu ifadə edən dekan tələbə elmi konfransının önəmini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.

Sonra tələbələrin məruzələri dinlənilib. MDU-nun Təhsil fakültəsinin tələbələrindən Qənirə Hüseynova “Ümummilli lider Heydər Əliyev və Azərbaycan dili”, Aysel Rəhimli “Azərbaycanın tarixi irsinin qorunmasında Heydər Əliyev fenomeninin rolu”, Zəhraxanım Seyidova “Heydər Əliyevin Prezidentliyi dövründə Azərbaycanda məktəbəqədər təhsilin inkişafı”, Mədinə Əliyeva “Heydər Əliyev və Azərbaycanın xaricdə təhsil strategiyası”, Gülay Cəfərzadə “Heydər Əliyev fenomeni və milli ədəbiyyatımız”, Raya Qasımzadə “Azərbaycanda gənclər siyasətinin formalaşmasında Heydər Əliyev fenomeninin rolu” və Pənah Kərimov “Heydər Əliyev ideyalarından güc alan gəncliyimiz” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Daha sonra, MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev  və TEC-in sədri Günəş Şəfaqətov çıxş edərək Ulu Öndərin zəngin irsinin öyrənilməsi istiqamətində tələbələrin apardıqları tədqiqatların və təqdim etdikləri məruzələrin təqdirəlayiq olduğunu bildiriblər.

Sonda, Təhsil fakültəsinin əvvəlki elmi konfransında fəal iştirak etmiş tələbələrinə müvafiq sertifikatlar təqdim edilib. Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər həyata keçirilir.