Rektor Anar Eminov MDU-nun magistrantları ilə səmimi görüş keçirib

2025-ci il 15 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov magistratura səviyyəsində təhsil alanlarla görüşüb. Səmimi formatda keçirilən görüşdə, həmçinin, universitetin bir sıra müəllimləri də iştirak ediblər.

Görüş zamanı rektor Anar Eminov MDU-da magistrantların elmi və praktiki hazırlığının gücləndirilməsi istiqamətində görülən işlər, həyata keçirilən təlim və seminarlar haqqında danışıb. O, magistratura səviyyəsində elmi tədqiqat fəaliyyətinin xüsusi əhəmiyyətini vurğulayaraq tələbələri elmi tədbirlərdə daha fəal olmağa və mövcud imkanlardan maksimum yararlanmağa çağırıb.

Rektor magistrantlar üçün genişlənən beynəlxalq imkanlar – ikili diplom proqramları, ikili elmi rəhbərliyin tətbiqi, həmçinin tələbə və müəllim mübadiləsi üçün əməkdaşlıq xəttində aparılan işlər barədə də məlumat verib.

Görüşdə elmi fəaliyyətə cəlb olunma, tədris prosesinin məzmunu, dissertasiya mövzularının seçimi və qarşıda duran çağırışlarla bağlı açıq müzakirələr aparılıb. Magistrantlar onları maraqlandıran sualları ünvanlayıb və müxtəlif təkliflərlə çıxış ediblər.

Görüşün sonunda xatirə fotoları çəkilib.

Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə MDU-nun magistratura pilləsinə 167 tələbə qəbul olunub.