Mingəçevir Dövlət Universitetində İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Maliyyə savadlılığı və şəxsi büdcənin idarə edilməsi” mövzusunda hibrid formatda təqdimat keçirilib. Tədbirdə universitetin müəllim və tələbələri iştirak ediblər.
Təqdimatda Təhsil Tələbə Krediti Fondunun baş mühasibi Məhəmmədəli Abdin və Fondun baş mütəxəssisi Mirşahin Abdullayev çıxış edərək maliyyə savadlılığının mahiyyəti, şəxsi maliyyələrin düzgün idarə olunmasının əhəmiyyəti və büdcə planlaşdırmasının əsas prinsipləri barədə ətraflı məlumat veriblər.
Çıxışlar zamanı şəxsi maliyyə idarəetməsinin əsas elementləri kimi gəlir və xərclərin planlaşdırılması, büdcənin tərtib edilməsi, qənaət və yığım vərdişlərinin formalaşdırılması, kredit və borcların düzgün idarə olunması kimi məsələlərə toxunulub. Həmçinin gündəlik xərclərə nəzarət, maliyyə prioritetlərinin müəyyənləşdirilməsi və gözlənilməz hallara qarşı ehtiyat fondunun yaradılmasının əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.
Təqdimatda maliyyə sabitliyinin təmin olunması üçün büdcə planının hazırlanması, xərclərin optimallaşdırılması, yığım və investisiya vərdişlərinin inkişaf etdirilməsi, eləcə də maliyyə qərarlarının düşünülmüş şəkildə qəbul edilməsinin vacibliyi xüsusi vurğulanıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin maliyyə savadlılığının artırılması, onların iqtisadi biliklərinin və praktik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlər və təqdimatlar təşkil olunur.