MDU-da “Açıq qapı” günü keçirilib

  • Рубрика записиMDU xəbərləri

2023-cü il yanvarın 9-da Mingəçevir Dövlət Universitetində (MDU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində ilk “Açıq qapı” günü keçirilib.

Hibrid formatda təşkil edilmiş “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə və magistrantlarla görüşüb. Görüşdə universitetin akademik heyət üzvləri də iştirak edib.

Görüş iştirakçılarını salamlayan rektor hazırda davam edən imtahan sessiyasının gedişatı haqqında məlumat verib. İmtahanların obyektiv, şəffaf və ədalətli keçirilməsi üçün lazımi tədbirlərin görüldüyünü bildirən Ş.Bayramov bu işdə əməyi olan professor-müəllim, inzibati və texniki heyət üzvlərinə təşəkkürünü bildirib, tələbə və magistrantlara uğurlar arzulayıb.

Çıxış edən tələbə və magistrantlar imtahanların təşkilindən, gedişatından razılıqlarını bildirib, yaradılan şəraitə görə universitet rəhbərliyinə və professor-müəllim heyəti üzvlərinə minnətdarlıqlarını ifadə ediblər, müəyyən təkliflər irəli sürüblər. Qeyd edək ki, MDU-da imtahan sessiyası çərçivəsində hər həftə “Açıq qapı” gününün keçirilməsi nəzərdə tutulub. Bu görüşlərin məqsədi universitet rəhbərliyinin tələbə, magistrant və onların valideynləri ilə görüşüb imtahanlarla bağlı yarana biləcək suallarını operativ cavablandırmaqdır.